AZ

“Yeni və möhtəşəm qərargah binasının istifadəyə verilməsi mühüm tarixi hadisədir” Tokayevə TƏŞƏKKÜR FOTO KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Asiyanın Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (CICA) yeni qərargah binasının rəsmi açılış mərasimi keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, tədbirdə CICA Katibliyinin Baş katibi, səfir Kayrat Sarybay və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev iştirak ediblər

Səfir Kayrat Sarybay çıxışında Prezident Tokayevi və qonaqları salamlayaraq bildirib ki, bu yeni və möhtəşəm qərargah binasının istifadəyə verilməsi CICA üçün mühüm tarixi hadisədir. O, Prezident Tokayevə Asiya Müşavirəsinin ayrıca binaya sahib olması ideyasına və onun gerçəkləşdirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib:

“Sizin CICA-nın parlaq gələcəyinə olan inamınız və Katibliyə verdiyiniz davamlı dəstək bizi yeni zirvələr fəth etməyə ruhlandırır”, – deyə Baş katib vurğulayıb.

Sarybay açılış mərasiminin Qazaxıstan Diplomatik Xidmət Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını qeyd edib və Prezident Tokayevin CICA-nın əsas sənədlərinin 1999-cu il Prinsiplər Bəyannaməsi və 2002-ci il Almatı Aktı hazırlanmasında birbaşa iştirakını xüsusi qeyd edib. O, həmçinin Katibliyin formalaşmasından bu günə qədər göstərilən maliyyə və kadr dəstəyinə görə Qazaxıstan hökumətinə və Xarici İşlər Nazirliyinə, eləcə də Prezident Administrasiyasına və Astana şəhərinin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Baş katib yeni binanın bənzərsiz mədəni dəyərləri özündə əks etdirdiyini vurğulayaraq, üzv dövlətlərin təqdim etdiyi sənət nümunələrindən danışıb. O, xüsusilə Azərbaycanın Ziyarətçilər otağının interyerinə verdiyi töhfəni yüksək qiymətləndirərək Prezident İlham Əliyevə və onun komandasına təşəkkür edib:

“Azərbaycanın Katibliyə göstərdiyi maliyyə və kadr dəstəyi bu əməkdaşlığın bariz nümunəsidir. Yaxın zamanda daha bir incəsənət əsərinin burada yerləşdirilməsi planlaşdırılır”, – deyə o, əlavə edib.

Tacikistan, Özbəkistan, Qırğızıstan, Çin, Türkiyə, Cənubi Koreya və Hindistanın da təqdim etdiyi sənət nümunələri haqqında danışan Sarybay bildirib ki, bu bina Asiya diplomatiyasının məbədi rolunu oynayacaq.

Sonda o, qeyd edib ki, yeni qərargah təkcə təşkilati fəaliyyət üçün bir məkan deyil, həm də CICA-nın 33 illik irsini yaşadan institusional yaddaş və beynəlxalq əməkdaşlıq rəmzidir:

“Bu bina CICA-nın Asiya və ondan kənarda dialoq və əməkdaşlığa sadiqliyinin simvoluna çevriləcək”.

Mərasimdə çıxışlardan sonra söz Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə verilib.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
konkret.az

2Mənbələr