AZ

“Hüquqlarınla parla!” - Məktəblilər arasında tədbir

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirmə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində şagirdlərin hüquq və vəzifələri, uşaq hüquqları və hüquqi maarifləndirmə mövzularını əhatə edən interaktiv təlimlər təşkil olunub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova Hacıyeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək uşaqların hüquqlarının müdafiəsi, bu istiqamətdə görülən işlər, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının əhəmiyyəti, eləcə də layihənin uşaqların hüquqi maariflənməsi baxımından mühüm rolu barədə danışıblar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümatəndəsi Azər İsalı “Uşaqlar üçün təhlükəsiz internet mühiti. Mövcud təhlükələr və hüquqi aspektlər” mövzusunda məlumat verərək onlayn platformalarda şəxsi məlumatların qorunması, kiberzorakılıq hallarından qorunma yolları və uşaqların internetdə hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik barədə danışıb. 

Quba rayon polis şöbəsinin inspektoru Aynur Şahbazova iştirakçılara erkən yaşlarda zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti, belə halların hüquqi və sosial fəsadları, həmçinin valideyn nəzarətinin və məktəblərdə profilaktik tədbirlərin vacibliyi barədə məlumat verib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Lalə Məmmədova “Zərərli vərdişlərin uşaqların orqanizminə fəsadları” mövzusunda çıxış edərək zərərli maddələrin uşaqların sağlam inkişafına təsiri, erkən yaşlardan düzgün həyat tərzinin formalaşdırılmasının vacibliyini izah edib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və İnkişaf Şöbəsinin müdiri Təbriz Cəfərov “Rəqəmsal təhükəsizlik” mövzusunda təlimində internet resurslarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdə təhlükəsiz davranış, şübhəli keçidlərdən uzaq durmaq, həmçinin kiberhücumlar və onların qarşısının alınması barədə faydalı məlumatlar verib, məktəblilərin suallarını cavablandırıb.

Təlimlərdən sonra “Kahoot” platforması vasitəsilə şagirdlər arasında intellektual yarış təşkil olunub. Yarışın qalib qrupu mükafatla təltif edilib, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Hüquqlarınla parla!” layihəsi məktəblilərə uşaq hüquqları və vətəndaş məsuliyyəti haqqında məlumat vermək, onların hüquqi maariflənmə səviyyəsinin artırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.  Layihə Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

Seçilən
18
44
qafqazinfo.az

10Mənbələr