AZ

Ermənistan yeni qırıcılar alır - sülh “hazırlığı”...

Dehli İrəvana Su-30MKI döyüş təyyarələrini verməyi nəzərdən keçirir, hətta Fransa da “Rafael”ləri ötürə bilər - Bakıdan xəbərdarlıq

“Azərbaycanın artan hava gücünə Pakistan tərəfindən dəstəyə cavab olaraq Ermənistan Hindistandan Su-30MKI qırıcıları almağı nəzərdən keçirir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Jetline Marvel” məlumat yayıb. Bildirilir ki, yeni saziş Ermənistanın dəyişən müdafiə strategiyasını və İrəvan üçün Hindistanın artan rolunu göstərir.

“Azərbaycan Pakistanla 40 qırıcı təyyarə ilə bağlı 4,6 milyard dollarlıq müqavilə imzalayıb. Bakı yeni nəsil JF-17 Thunder Block III təyyarələrini istifadəyə verməyə hazırlaşarkən İrəvan da cavab üçün Yeni Dehliyə üz tutur. Pakistan qırıcıları qabaqcıl avionika və uzaqmənzilli PL-15 raketləri ilə təchiz olunub. İrəvan isə Su-30MKI-yə Pakistan qırıcılarına qarşı strateji balans yaradacaq amil kimi baxır. 2024-cü ilə qədər Hindistan bu təyyarələrdən təxminən 600-nü istehsal edib”, - deyə məqalədə qeyd edilir.

Bu nə qırıcılardır belə? Azərbaycan narahatlığına əsas varmı? Su-30MKI-nin JF-17 Thunder Block III-dən hansısa üstünlüyü varmı?

Emin

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli narahat deyil. O, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu gedişlə Azərbaycan II Qənimətlər Parkı yaradacaq: “Ermənistan bu dəfə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, hücum silahları alır. Müasir təyyarələr almağa cəhdlər edir. Uzaqvuran raketlər əldə etmək üçün hərəkətdədir. Ermənistanın 4 qonşu dövləti var. Türkiyə, Azərbaycan, İran və Gürcüstan. İrəvan indi hansı dövlətlə müharibə aparmaq istəyir? Görünür, aldıqları silahlarla biz yenidən Qənimətlər Parkı yaratmağa ehtiyac duyacağıq. Bu silahlar orada nümayiş etdiriləcək. Başqa yol da görünmür. Ermənistan həm BMT-də, həm də öz əhalisi daxilində sülhdən danışır, amma reallıq tam başqadır. Hindistanla çox güclü əlaqələri var. Hindistanın da bir milyarddan çox əhalisi var və istəyir ki, dünyanın hər yerində olsun. Həm də Ermənistan üzərindən Cənubi Qafqazda yer almaq istəyir. Əks halda Ermənistan kimi cırtdan dövlət onun nəyinə gərəkdir?”

Onun fikrincə, Dehlinin silahların satış yeri kimi İrəvandan istifadə etmək niyyəti görünməmiş deyil: “Bir sözlə, Hindistan Ermənistandan maşa kimi istifadə edir. Azərbaycanın da qardaş ölkələr olan Türkiyə və Pakistanla çox yaxın əlaqələri mövcuddur. Bir faktı da unutmayaq ki, bir müddət öncə Hindistanın hava hücumundan müdafiə sistemləri Pakistan tərəfindən sıradan çıxarıldı. O deməkdir ki, Ermənistanın Hindistandan aldığı silahlardan narahat olmağa dəyməz. Azərbaycan ondan daha müasir və keyfiyyətli silahlar alır. Ermənistanın yerləşdiyi region, coğrafi mövqeyi onu deməyə əsas verir ki, yeganə nicat yolu qonşu dövlətlərlə, xüsusilə, ən böyük sərhədə malik Azərbaycanla, sonra da Türkiyə ilə normal münasibətlər yaratmaqdan ibarətdir. Bu silahlanma heç bir halda Ermənistana uğur gətirməyəcək. Azərbaycan elə bir yerdə yerləşir ki, hər il silah arsenalını yeniləməyə, ordusunu gücləndirməyə davam edir. Elə bir dövlətlərlə əməkdaşlıq edilir ki, silah alış-verişi davamlı olsun, Azərbaycanın milli dövlət maraqlarına cavab versin, ölkəmizin müdafiə qabiliyyətinə öz töhfələrini göstərsin”.

Ekspertə görə, Azərbaycan daim ordusunun gücləndirilməsinə diqqət edir, konkret addımlar atır: “Ermənistan yaxşı olar ki, daxildə sabitliyi bərpa etsin, qonşuları ilə normal münasibətlər qursun. Ona görə ki, onun qonşu ölkələrlə müharibəyə nə iqtisadi, nə hərbi, nə də insan resursları baxımından gücü var”.

Göyçə

Səxavət Məmməd

Hərbi icmalçı Səxavət Məmməd hesab edir ki, müasir müharibələr hava hücumundan müdafiə sistemlərinin hər bir ölkə üçün çox önəmli olduğunu bir daha göstərir. Onun dediyinə görə, hava üstünlüyü çox önəmlidir: “Biz bunu Rusiya-Ukrayna müharibəsində açıq şəkildə görürük. Bundan əlavə, İran-İsrail toqquşması da sübutdur. İran dərhal Çindən J-10 qırıcıları almaq üçün müqavilə imzaladı. Yeri gəlmişkən, 44 günlük müharibə zamanı Azərbaycan erməni ordusunun hava hücumundan müdafiə sistemlərini sıradan çıxardı, ondan sonra hava üstünlüyü əldə etdi. Ona görə də müharibədən sonra Pakistandan JF-17 Thunder Block III təyyarələrini sifariş etdik. Əvvəl 16 ədəd nəzərdə tutulsa da, daha sonra bu təyyarələrin sayı 40-a qaldırıldı. Bəziləri düşünür ki, 40 təyyarə Azərbaycan üçün çoxdur. Ancaq İsrail İrana hücum edərkən ilk gün 200 qırıcı ilə hücumu həyata keçirmişdi. Əksinə, hava üstünlüyü üçün Azərbaycan əlavə olaraq Çindən J-10 döyüş təyyarələri də almaq ehtimalını düşünür və hesab edirəm ki, bu doğru qərardır”.

S.Məmməd Ermənistanın Azərbaycanın bu addımlarından narahat olduğu qənaətindədir: “Ona görə də Hindistandan Su-30MKI almaq niyyətindədir. Ancaq burda incə bir detal da mövcuddur - bu təyyarələri Ermənistana Hindistan özü təklif edir. Hətta Ermənistanın Fransadan ”Rafael" döyüş təyyarələri də alacağı yönündə iddialar da var.

Ancaq Ermənistan döyüş təyyarələrindən daha çox hava hücumundan müdafiə sistemlərini təkminləşdirmək yönündə addımlar atır. Ermənistan Hindistandan aldığı hava hücumundan müdafiə sistemləri ilə bir neçə qatdan ibarət müdafiə xətti qurmaq istədiyini açıq şəkildə görmək mümkündür. Açığı, Ermənistan ərazisinin kiçikliyi sözü gedən təyyarələrin alınma ehtimalını aşağı edir. Nəzərə almaq lazımdır ki, JF-17 Thunder Block III hava döyüşlərində özünü yaxşı yöndən göstərib.

Bundan əlavə, təyyarələrlə yanaşı pilotların peşəkarlığı da çox önəmlidir. Azərbaycanın isə bu məsələdə problemi yoxdur. Su-30MKI hava üstünlüyü üçün dizayn edilmiş “ağır qırıcıdır”, taktiki və texniki baxımdan güclüdür. JF-17-lər isə “ekonom sinif qırıcıdır” çox şey pilot təcrübəsi və dəstək sistemlərindən asılıdır".

Seçilən
8
50
turkustan.az

10Mənbələr