Özəl icra məmurları mexanizmi beynəlxalq təcrübədə - Avropa və bir sıra inkişaf etmiş ölkələrdə artıq uzun illərdir uğurla tətbiq olunur, icra prosesində hüquqi təhlükəsizliyi təmin edir və effektiv model kimi qiymətləndirilir. Xüsusilə Belçika, Litva, Almaniya, Fransa və Avstriyada özəl icra məmurları məhkəmə qərarlarının icrasında mühüm rol oynayırlar. Özəl icra məmurları dövlət tərəfindən lisenziyalaşdırılır, lakin sərbəst fəaliyyət göstərirlər. Onlar təskcə məhkəmə qərarlarını icra etmir, həm də sənədlərin rəsmi çatdırılması, borcun könüllü icrası və mübahisələrin alternativ həlli xidmətlərini təklif edirlər.
Azərbaycanda tətbiqinə hazırlaşılan yeni modelə əsasən tələbkar – yəni məhkəmədə qalib gələn tərəf artıq icra sənədini almaq üçün məhkəməyə özü müraciət edəcək və icranı öz seçdiyi icra məmuruna verə biləcək. Bu yanaşma müasir Avropa təcrübəsinə uyğundur və vətəndaşa seçim azadlığı verir. Seçim imkanının yaradılması bazar prinsiplərinin hüquq sistemində tətbiqi baxımından mütərəqqi addımdır. Əgər tələbkar heç bir seçim etməzsə, icra sənədi avtomatik olaraq dövlət İcra Xidmətinə göndəriləcək. Beləliklə, həm dövlət, həm özəl icra institutları paralel şəkildə fəaliyyət göstərəcək, bu da sağlam rəqabət mühiti yaradacaq. Yeni qanunla yaradılması nəzərdə tutulan Xüsusi İcra Məmurlarının Palatası özəl icra məmurlarının fəaliyyətini tənzimləyəcək, onlara nəzarət edəcək və peşə standartlarının qorunmasını təmin edəcək.
Azərbaycan üçün bu yeni sistem ciddi uğur potensialına malikdir. Lakin beynəlxalq təcrübə göstərir ki, bu cür islahatların effektivliyi bir sıra əsas şərtlərlə təmin edilir. Bunlara şəffaf və ədalətli lisenziyalaşdırma prosesi, müəyyən olunmuş xidmət haqlarının ictimaiyyətə açıq olması, peşə etikası və məsuliyyət mexanizmlərinin gücləndirilməsi, Palatanın effektiv və müstəqil fəaliyyət göstərməsi daxildir. Özəl icra institutunun uğuru ilk növbədə, seçilən icra məmurlarının peşəkar keyfiyyətindən, məsuliyyətindən və vətəndaşlara münasibətindən asılı olacaq. Bu sistemin uğurlu tətbiqi Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı əhəmiyyətli dərəcədə yüksək nəticələrə səbəb olacaq.
Özəl icra məmuru modelinin tətbiqi Azərbaycanın məhkəmə-hüquq sisteminin liberallaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Özəl icra məmurlarının hüquq sistemimizə daxil edilməsi bu sahədə mövcud olan çətinliklərin həlli üçün əsl dönüş nöqtəsi ola bilər. Bu islahatın uğurla həyata keçirilməsi, hüquqi dövlət quruculuğu, iqtisadi münasibətlərin qorunması və vətəndaş məmnuniyyəti üçün ciddi imkanlar açır. Xüsusi icra məmuru modelinə keçid sahibkarlıq və kommersiya sektoru üçün müsbət dəyişikliklərə səbəb olacaq. Xüsusilə qərarların tez icrası daha effektiv hüquqi, iqtisadi mühitin yaranması baxımından əhəmiyyətlidir. Bu mexanizm yalnız icra prosesini sürətləndirmək və effektivliyi artırmaqla kifayətlənmir, eyni zamanda vətəndaş-məhkəmə münasibətlərində etimadı gücləndirir. Hüququn aliliyini təmin etmək, məhkəmə qərarlarının real həyatdakı təsirini artırmaq və icra prosesini daha şəffaf etmək üçün bu islahatın əhəmiyyəti danılmazdır. Azərbaycanın hüquqi sistemində bu dəyişiklik bir daha sübut edir ki, çevik və müasir idarəetmə institutlarına keçid artıq geri dönməz bir mərhələyə qədəm qoyub. Artıq Azərbaycanda hüquq sistemində yeni bir dövr başlayıb. Bu dövr daha çevik, daha effektiv və daha ədalətli hüquq mühitinə doğru atılan mühüm addımdır.
Çinarə Ağayeva
hüquqşünas, biznes konsultant
10Mənbələr
-
demokrat.azHüquq sistemində yeni dövr: Özəl icra məmurları modeli bizə nə verəcək? ( 19014958)
-
demokrat.azHüquq sistemində yeni dövr: Özəl icra məmurları modeli bizə nə verəcək? ( 19014520)
-
fins.az“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib ( 18958471)
-
news24.azAzərbaycanda yeni Palata yaradılır ( 18948367)
-
day.az“Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədi mövcud dövlət icra sisteminə dəstək verməkdir - Nazir müavini ( 18953944)
-
az.trend.az“Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədi mövcud dövlət icra sisteminə dəstək verməkdir – Nazir müavini ( 18953362)
-
fed.azToğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək ( 18953113)
-
apa.azToğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək ( 18952129)
-
apa.azToğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək ( 18952126)
-
fed.az“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi qəbul edilib ( 18948187)