AZ

“Zəngəzurdan konstitusiyaya qədər hər şey masada idi, ilk dəfədir ki...” – AÇIQLAMA

“Əbu-Dabi görüşündə mənim fikrimcə, bir neçə məqam diqqət çəkdi. Birincisi, hər şeydən əvvəl tərəflər uzun müddətdən sonra ikitərəfli formatda, həm də geniş tərkibdə görüş keçirdilər. Hansı ki, indiyə qədər son dövrlər, xüsusən Azərbaycan və Ermənistan liderlərinin daha çox beynəlxalq tədbirlər çərçivəsində görüşdüyünü görürdük”.

Bu sözləri Ölkə.az-a açıqlamasında politoloq Asif Nərimanlı Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu isə o deməkdir ki, tərəflər müəyyən bir müzakirə aparır, təmaslar qurur:

“Buna qədər sülh gündəliyi ilə bağlı bütün detalları ətraflı müzakirə etmirdilər, yaxud da ən azı buna texniki imkan da çatmırdı. İkincisi, bu görüşdə iştirak edən nümayəndə heyətinin tərkibdir. Nümayəndə heyətinin tərkibinə baxdıqda biz deyə bilərik ki, görüşdə Azərbaycan və Ermənistan arasında olan bütün məsələlər, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası, Ermənistanın öz konstitusiyasından ərazi iddialarını tamamilə çıxarması kimi məsələlər müzakirə edilib. Yəni bunun özü də önəmli məqamdır. Bu iki məqam deməyə əsas verir ki, tərəflər sülh sazişinin imzalanması ilə bağlı olan bütün məsələləri müzakirə edir. Bu, həm də hər iki tərəfdə siyasi iradənin olması deməkdir. Təbii ki, ilk bu görüşdə yekun sülh sazişin imzalanması gözlənilmir. Çünki tərəflər arasındakı ziddiyyətli məqamlara və müzakirə edilməli məsələlərin detallarına baxdıqda bu məsələləri tezliklə həll etmək çətin görünür”.

Politoloq qeyd edib ki, ən azından sülh sazişinə doğru müəyyən bir irəliləyiş əldə edildiyini deyə bilərik:

“Sülh gündəliyinin bütün istiqamətləri müzakirə edilib. Həm konstruktiv müzakirələrin aparıldığı qeyd olunur, həm də tərəflərin bundan sonrakı istiqamətdə təmasları davam etdirməsi qeyd olunur. Bu isə o deməkdir ki, hər iki tərəf sülh sazişinin imzalanması ilə bağlı problemləri aradan qaldırmaq niyyətindədir.

Təbii ki, bu razılaşmaların praktiki müstəvidə nə qədər reallaşacağı həmişə sual altında olur. Bəzən hadisələrin inkişafı bu razılaşmaya təsir edir. Amma indi həm regiondakı vəziyyətə baxdıqda, həm də Azərbaycan və Ermənistan arasındakı münasibətlərin vəziyyətinə baxdıqda hesab edirəm ki, bu görüş müsbət nəticə kimi qiymətləndirilə bilər. Xüsusən məkan kimi üçüncü ölkə seçilsə də, tərəflər arasında vasitəçiliyin olmaması da önəmli məsələlərdən biridir. Bunun özü də üçüncü bir vasitəçini qəbul etmək niyyətində olmadıqlarını, problemlərini ikitərəfli formatda həll etmək niyyətində olduqlarını göstərdi”.

Həmidə İbrahimova

Seçilən
108
50
olke.az

10Mənbələr