Futbol üzrə İsveç millisinin və Fransanın “Lill” klubunun müdafiəçisi Qabriel Qudmundsson bundan sonra “Lids”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqaya yüksəlmiş İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Lids” isveçli müdafiəçi üçün Fransa klubuna 11,6 milyon avro təzminat ödəyib. 26 yaşlı futbolçu ilə 4 illik (2029-cu ilin yayına kimi) müqavilə imzalanıb.
Qabriel Qudmundsson İsveçin “Halmstad” klubunun yetirməsidir. “Qroningen”də də forma geyinmiş 26 yaşlı sol cinah müdafiəçisi “Lill” klubuna 2021-ci ildə 6 milyon avro müqabilində cəlb edilmişdi. İsveçli futbolçu Fransa təmsilçisinin əsas komandasında 137 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
İsveç millisinin üzvü ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2022-ci ildə əsas komandada debüt edib. O, indiyə kimi İsveç yığmasında 15 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
