AZ

Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...


Faiq Ələkbərli: “Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu günlərdə Azərbaycandakı rus icması Rusiyanın tərəfini saxlayardısa bu qəbuledilməz olardı”

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Azərbaycandakı rus icmasını Rusiya ilə Azərbaycan arasında yaşanan gərgin günlərdə Rusiyanın mövqeyini müdafiə etmədikləri üçün tənqid edib.

Həmin müddətdə Rusiyaya dəstək verməyən Azərbaycanın rus icmasından narazı qalıb. Primakovun sözlərinə görə, Zaqafqaziya respublikasındakı rus icmasının nümayəndələri “indiki gərgin vəziyyətdə” Rusiyaya dəstək verməkdən imtina ediblər. Diplomat RBC-yə müsahibəsində bildirib ki, icmalar Moskvanı deyil, Bakını dəstəkləyib.

Rus icması Rusiyanı dəstəkləməli idi?

“Primakov qəbul etməlidir ki, rus icmasını Azərbaycanın tərəfini tutmaqda günahlandırması yersiz və mənasızdır”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Primakovun bu açıqlaması və rus icmasından, yaxud Qafqaz respublikalarındakı rus icmalarından umu-küsü etməsi tamamilə yersizdir. F.Ələkbərli qeyd etdi ki, Yekaterinburqda soydaşlarımıza qarşı baş verənlərlərlə bağlı Azərbaycanın və rus icmasının mövqeyi tamamilə haqlı idi. F.Ələkbərli hesab edir ki, rus icması da yaşananların mahiyyətini çox yaxşı anladıqları üçün Azərbaycanın mövqeyini müdafiə edib. “Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu günlərdə Azərbaycandakı rus icması Rusiyanın tərəfini saxlayardısa bu qəbuledilməz olardı. Əlbəttə, belə bir vəziyyətdə rus icması obyektiv mövqedən çıxış etməli idi, etdi də. Eyni zamanda onlar Azərbaycanda yaşayırlar, Azərbaycan onların da vətənidir. Bu baxımdan rus icması Azərbaycanın mövqeyinə zidd addım atmadı, atmamalıdır. Əslində bu məsələdə Azərbaycanın mövqeyi də göz önündədir. Bu baxımdan, Primakovun o gərgin günlərdə rus icmasını Rusiyanı müdafiə etməməkdə ittiham etməsi tamamilə yersizdir. O iddia edir ki, rus icması guya Azərbaycanın əleyhinə çıxmalı imiş, amma çıxmayıb. Primakov kimiləri bilməlidir ki, bu cür yanlış fikirlər bildirməklə Azərbaycana zərbə vura, rus icmasını dövlətimizə qarşı çevirə bilməz. Bir də ki, nə Azərbaycan dünənki zəif Azərbaycandır, nə də Rusiya, yaxud hansısa bir başqa dövlət bizimlə diqtə dilində danışa bilər. Azərbaycan bu gün regionda və dünyada öz sözünü deyən bir dövlətdir. Bunu Azərbaycanın rus icması da çox yaxşı bilir. Eyni zamanda rus icması bu məsələdə Azərbaycanın haqlı olduğunu da bilir. Primakovun bu fikirlərinin, umu-küsülərinin heç bir əsası yoxdur.

Görünür, Primakov bu məsələyə keçmişin nostalgiyası ilə yanaşır. Ancaq 1920-ci illər deyil ki, özlərinə hansısa tərəfdarlar tapsınlar, indi vəziyyət başqadır. Azərbaycandakı bütün icmalar dövlətin yanındadırlar və Azərbaycanın haqlı tərəf olduğunu görürlər”.

F.Ələkbərli qeyd etdi ki, burda həm haqq-ədalətin, həm də dövlətçiliyin müdafiəsi məsələsi var. F.Ələkbərlinin sözlərinə görə, Primakovun rus icmasının Azərbaycanın maraqlarını nəzərə almadan Rusiyanı müdafiə etməli olduğu barədə iddiası heç zaman həyata keçə bilməz, bu mümkünsüzdür: “Primakov və onun kimilərinin iddialarının əhəmiyyəti yoxdur. Bu yeni dönəmdə Azərbaycanla hesablaşmaq lazımdır və Azərbaycandakı icmalar da dövlətimizin maraqlarını hər şeydən üstün tutmalıdır. Primakov qəbul etməlidir ki, rus icmasını Azərbaycanın tərəfini tutmaqda günahlandırması yersiz və mənasızdır”.

İradə SARIYEVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr