AZ

İtaliyanın hakim koalisiyası Ursula Fon der Lyayeni sərt tənqid etdi

İtaliyanın hakim koalisiyasına daxil olan "Liqa" partiyasının nümayəndəsi, əmək nazirinin müavini Klaudio Duriqon Vaşinqtonun Avropa ixracatına tariflər tətbiq etməsinə görə məsuliyyəti Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayenin üzərinə qoyub.
 
Oxu.Az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
 
"Ursula Fon der Lyayen tərəfindən idarə olunan Avropaya görə bu vəziyyətə düşmüşük. Çünki danışıqları o aparır. Onun siyasəti əvvəldən uğursuz olub. Sadəcə avtomobil sektoru, "yaşıl keçid" haqqında düşünmək yetərlidir. Bütün bunlar minlərlə iş yerinin itirilməsinə səbəb olub. O, Avropa iqtisadiyyatını məhv etdikdən sonra ABŞ ilə danışıqlar aparır. Bu, 2019-cu ildən bəri Ursula Fon der Lyayeni dəstəkləyənlərin təqsiridir", - deyə o bildirib.
 
Siyasətçinin sözlərinə görə, ümumilikdə İtaliyanın hazırkı hökuməti qeyri-qanuni miqrasiya və öz iqtisadiyyatını qorumaqla bağlı ABŞ Prezidenti Donald Trampın xəttini bölüşür:
 
"Təbii ki, tariflər zərərlidir, ona görə də biz danışıqlar aparmalıyıq və Avropa İttifaqı (Aİ) bu məsələdə ayrı-ayrı ölkələrə daha çox azadlıq verməlidir. Biz Aİ-nin sərt xəttini və cavab tarifləri ilə bağlı hədələri bölüşmürük. "Liqa" və onun lideri, baş nazirin müavini və infrastruktur naziri Matteo Salvini uzun müddətdir ki, AK prezidentini açıq şəkildə tənqid edir".
 
Qeyd edək ki, bundan əvvəl Tramp özünün "Truth Social" hesabında AK rəhbərinə ünvanlandığı məktubu paylaşıb. Məktubda avqustun 1-dən ABŞ Aİ-dən idxal olunan mallara 30 faizlik rüsum tətbiq edəcəyi qeyd olunub.
Seçilən
72
8
moderator.az

10Mənbələr