Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, autsorsinq (kənar mənbədən istifadə etmək) məsələsinə gəldikdə, Paşinyan deyib ki, ölkəsində bir çox autsorsinq halları var, onlardan bəziləri qaneedicidir, bəziləri isə yox.
“Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsi. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa şəkildə pozulub. Və ya su təchizatı, Cənubi Qafqaz dəmir yolu və s. Bütün bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalmaqda davam edir. Yolların açılması kontekstində nə müzakirə edilə bilər. Biz, məsələn, investisiyaları cəlb edəcək hansısa şirkətin yaradılmasından danışa bilərik və ya nəyi müzakirə edə bilərik, çünki “Sülhün kəsişməsi”ndə böyük investisiya potensialı və marağı var, lakin biz bu investisiyaları birləşdirə bilməliyik. Biz avtomobil və dəmir yolları haqqında çox danışırıq, amma qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq və bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır. Söhbət bundan gedir və bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər və idarəçilikdən gedir. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur və demək istəyirəm ki, bizim qanunlarımıza görə, bu, tikinti hüququ adlanır və tikinti məntiqində, müqavilənin müddəti bitdikdən sonra investisiyalar Ermənistan Respublikasının mülkiyyətində qalmağa və ya olmağa davam edir”, - Paşinyan qeyd edib.