“Biz müharibədən qorxanlardan deyilik. Biz həyatımızı çətinliklərlə üzləşməklə və xalqımızı qorumaqla keçirmişik, lakin suriyalıların maraqlarını xaos və dağıntılardan üstün tutmuşuq. Suriya xalqı ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”,- Suriyanın rəhbəri bildirib.
O, İsrailin Suriyanı münaqişə zonasına çevirməyə çalışdığını və buna dözməyin qeyri-mümkün olduğunu vurğulayıb. Druzları Suriyanın ayrılmaz hissəsi adlandıran Əl-Şaraa İsrailin parçalanma yaradan hərəkətlərini pisləyib:“Biz sıralarımızda parçalanma yaratmaq üçün hər hansı xarici və ya yerli cəhdi rədd edirik”.
Suriya prezidenti vurğulayıb ki, druzların hüquq və azadlıqlarının müdafiəsi ölkə hakimiyyətinin əsas prioritetlərindən biridir. Bu baxımdan, vəziyyətin ağırlığını və ölkəni yeni müharibəyə sürükləməmək zərurətini anlayan rəsmi Dəməşq Əs-Suveydada təhlükəsizliyin təminatı məsuliyyətini yerli qruplaşmalara və druzların ruhani liderlərinə həvalə edib.
Bu arada, “Al Mayadeen” telekanalı İsrail Hərbi Hava qüvvələrinə məxsus qırıcı təyyarələrin bu gün səhər tezdən ölkənin şimal-qərbində Suriya hökumət qüvvələrinin bazasına zərbələr endirdiyini bildirib.
- Təyyarələr Latakiya şəhəri yaxınlığında (Dəməşqdən 320 km məsafədə) 132-ci motoatıcı briqadanın yerləşdiyi əraziyə hücum edib. Bundan əlavə, Ceblədəki 107-ci Zirehli briqadanın bazasına zərbələr endirilib. Bu hava hücumlarının nəticələri və mümkün itkilər barədə ətraflı məlumat verilmir”, - xəbərdə deyilir.
İsrail mediası isə, İsrail helikopterinin səhər tezdən Əs-Suveyd şəhərinin cənubundakı əraziyə silah və sursat atdığını yazıb.
![]() |
Suriya geri çəkilir, İsrail isə təhdid edir | VİDEO |
“Sky News Arabia” telekanalının məlumatına görə, Əs-Suveyd əyalətində keçid hökumət qüvvələri ilə druzların özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub. Həlak olanlar arasında 55 mülki şəxsin və 79 özünümüdafiə qüvvələrinin döyüşçüsünün olduğu bildirilir.
Sabitliyi bərpa etmək üçün Dəməşqdən ezam olunmuş Daxili İşlər nazirliyinin və Müdafiə qüvvələrinin xüsusi bölmələri 189 əməkdaşı, ərəb qəbilələrinin hökumətyönlü birləşmələri isə 18 yaraqlını itirib. İyulun 16-da İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində Daxili Təhlükəsizlik qüvvələrinin daha 15 əməkdaşı həlak olub.
Sahil İsgəndərov
AzVision.az