AZ

Vüqar Gülməmmədov: Türkiyə ilə iqlim dəyişikliyi və kənd təsərrüfatı üzrə auditlərin aparılması nəzərdə tutulub

Bakı, 17 iyul, AZƏRTAC

Bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin iclası keçirilir. Bu tədbir ilk dəfədir ki, Bakıda təşkil olunur. Azərbaycan Respublikası Hesablama Palatası ASOSAI-nın İdarə Heyətinin üzvüdür. İdarə Heyəti bu gün əvvəlki dövrlərdə görülmüş işlərə dair hesabatı təqdim edir. Eyni zamanda, 2026-2028-ci illər üzrə strateji planı müəyyən edir, növbəti üç ildə həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərdən ibarət plan hazırlayır. Həmçinin ASOSAI-nın İşçi qruplarının gördükləri işlərə dair hesabatlar dinlənilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, Hesablama Palatası yeni qrup olan Proqnozlaşma və Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşçi qrupun üzvü olmaq üçün namizədliyini irəli sürüb. "Hesab edirik ki, fiskal risklərin və hökumətlərin qarşısında dayanan çağırışların, problemlərin həllinə yönəldilən vəsaitlərin auditi üzrə bilik və bacarıqların paylaşılması və bu sahədə biliklərin öyrənilməsi Hesablama Palatası üçün çox vacib və önəmli töhfə verəcək. Hesablama Palatası ASOSAI-nin ali üzvü olmaqla yanaşı, dörd ölkə ilə ikitərəfli memorandum imzalayıb. Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası və Çin Xalq Respublikası ilə ikitərəfli memorandumlar var. Bu dörd ölkə ilə biliklərin paylaşılması, seminar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Qazaxıstanla paralel auditin aparılması ilə bağlı razılaşma var. Həmin razılaşma sentyabrın sonunda təsdiq olunacaq. Türkiyə ilə İğdır-Naxçıvan qaz kəmərinə çəkilən xərclərlə bağlı birgə audit aparmışıq. Əlavə olaraq, iqlim dəyişikliyi və kənd təsərrüfatı sahəsi üzrə də paralel auditlərin aparılması planlaşdırılıb", - deyə o diqqətə çatdırıb.

Seçilən
89
38
azertag.az

10Mənbələr