Əmək fəaliyyəti əsasən Sovet dövrünə təsadüf edən şəxslərin pensiya təminatı ilə bağlı məsələlər cəmiyyətdə daim maraq doğuran mövzulardandır. Bu kateqoriyaya aid olan insanlar uzun illər SSRİ-də çalışsalar da, bugünkü pensiya sistemində onların hüquqlarının necə qorunduğu, əmək stajlarının necə tanındığı və nə qədər pensiya alacaqları ilə bağlı suallar açıq qalır. Xüsusilə də, Sovet dövründə toplanmış əmək stajı və maaş göstəricilərinin indiki pensiya hesablamalarına necə təsir etdiyi və ya bu dövrün ümumiyyətlə nəzərə alınıb-alınmadığı bir çox vətəndaş üçün həlledici məsələdir.
Bəs hazırda Sovet dövründəki əmək fəaliyyətinə görə pensiya hansı qaydalarla hesablanır? Bu dövrdə işləyənlərin hüquqları necə tənzimlənir?
Mövzu ilə bağlı News24.az-a danışan "Liberal İqtisadçılar Birliyi"nin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda Sovet dönəmində əmək fəaliyyəti ilə məşğul olan şəxslər əmək pensiyası hüququnu saxlamaqdadır. Onun sözlərinə görə, pensiya hesablanarkən iki fərqli dövr – 2006-cı ildən əvvəlki və sonrakı illər üzrə fərqli metodlar tətbiq olunur.
“2006-cı ilə qədərki dövr üçün pensiya stajla hesablanır və burada 25 il əsas götürülür. 2006-cı ildən sonrakı dövrdə isə pensiya sistemi sığorta kapitalına əsaslanır – yəni insanın bu illərdə nə qədər əmək haqqı aldığı və nə qədər sosial sığorta ödədiyi əsas meyardır. Tutaq ki, bir nəfər 10 il SSRİ dövründə çalışıb, lakin qalan 15 illik stajı 2006-cı ildən sonrakı dövrə aiddir. Bu halda onun 10 illik fəaliyyəti staj kimi, 15 illik fəaliyyəti isə sığorta kapitalı kimi götürülür və ümumi 25 illik dövr üzrə pensiya hesablanır”.
İqtisadçının sözlərinə görə, SSRİ dövründəki əmək fəaliyyəti tamamilə nəzərə alınır, lakin bu dövrdə qazanılmış pensiya hüququnun indeksasiyası və maliyyə dəyəri çox aşağı hesablanır. Nəticədə həmin dövrdə 25 il fasiləsiz çalışmış şəxslər belə, bugünkü minimum pensiya həddinə yaxın məbləğlə kifayətlənməli olurlar:
“Sovet dövründə uzun illər çalışmış insanlar, bu gün pensiyaya çıxanda faktiki olaraq minimum pensiya alırlar. Bu isə sistem daxilində hesablamada ədalətsizlik yaradır. Çünki bu insanlar uzun illər dövlətə xidmət etsələr də, onların dövrün əməkhaqqı sisteminə görə yığdığı kapital çox aşağı hesablanır. Halbuki bu şəxslər müstəqillik dövründə yaşamalarına baxmayaraq, illərlə təcrübəyə malik insanlardır”.
Aqil Qarayev