AZ

154 işıq ili uzaqlıqda yeni bir "Super Yer" kəşf edildi

NASA-nın kosmik teleskopu TESS, qırmızı cırtdan ulduzun ətrafında fırlanan, "super-Yer" kateqoriyasına aid bir planetin mövcudluğunu müəyyən edib. Müşahidələr planetin maraqlı quruluşu və mümkün su izləri ilə diqqət çəkdiyini göstərir.

HİT.az xəbər verir ki, NASA-nın 2018-ci ildə kosmosa göndərdiyi TESS (Transiting Exoplanet Survey Satellite - Keçid Exoplanet Tədqiqat Peyki) teleskopu, uzaq ulduzların qarşısından keçən planetləri aşkar etmək üçün səmadan nizamlı şəkildə keçərək skan etməyə davam edir. İndiyə qədər 7.600-dən çox keçid hadisəsini müəyyən edən teleskop, bunlardan 630-unu planet kimi təsdiqləyib. TESS-in dörd həssas kamerası hər 30 dəqiqədən bir səmanın geniş bir hissəsini skan edərək ulduz işığında baş verən kiçik azalmaları qeydə alır.

Nəhayət, TESS sayəsində Yerdən təxminən 154 işıq ili uzaqlıqda yeni bir planet kəşf edilib. TOI-1846 b adlandırılan bu göy cismi Yerin təxminən iki qatı böyüklükdə və dörd qatı kütləyə malikdir. Planet kiçik və nisbətən soyuq bir qırmızı cırtdan ulduzun orbitində fırlanır və hər dörd gündən bir ulduzunun qarşısından keçərək onun işığında kiçik bir azalma yaradır. Bu nizamlı siqnallar ilk dəfə mart aylarında qeydə alındı və tədqiqatçıların diqqətini çəkib.

TOI-1846 b-nin mövcudluğu həm kosmosdan, həm də yerüstü teleskoplarla aparılan müşahidələrlə təsdiqlənib. Planet ölçüsünə görə alimlərin "radius boşluğu" adlandırdığı nadir kateqoriyaya daxildir. Bu qrup qayalıq quruluşlu kiçik planetlər ilə qaz baxımından zəngin böyük planetlər arasında qalan ölçülərdəki planetləri əhatə edir.

Səth istiliyinin təxminən 315°C olduğu təxmin edilən TOI-1846 b-nin quruluşu hələ tam aydın deyil. Lakin bəzi modellər planetin qayalıq nüvəyə, qalın bir buz qatına və bəlkə də incə bir atmosferə və ya dayaz səth okeanına sahib ola biləcəyini irəli sürür. Alimlər yüksək istiliyə baxmayaraq suyun müəyyən bölgələrdə qoruna biləcəyini düşünürlər.

Araşdırmaya rəhbərlik edən Mərakeşdəki Ukaymidən Rəsədxanasından Əbdürrəhman Subkiu, TESS məlumatlarına əlavə olaraq çoxrəngli yerüstü fotometrik ölçmələr, yüksək ayırdalıqlı görüntüləmə və spektroskopik məlumatlarla planetin mövcudluğunu təsdiqlədiklərini bildirdi. Aparılan hesablamalar TOI-1846 b-nin ulduzu ətrafında bir dövrü dörd gündən də qısa müddətdə tamamladığını göstərir. Bu da onun Günəş Sistemindəki Merkuridən də qısa orbita sahib olduğunu ortaya qoyur.

Planetin orbitdəki bu yaxınlığı ulduzun xüsusiyyətləri ilə də bağlıdır. TOI-1846 b-nin ətrafında fırlandığı qırmızı cırtdan ulduz Günəşdən 40% kiçik və daha az kütləyə malikdir. Təxminən 3300°C istilikdə parıldayan bu ulduz Günəşlə müqayisədə daha solğun olduğu üçün ətrafındakı planetlərin ulduzdan istilik ala bilmələri üçün çox daha yaxın orbitlərdə yerləşməsi lazımdır. Bu yaxınlıq eyni zamanda planetin ulduzun qarşısından keçərkən yaratdığı işıq azalmalarının daha asan aşkar edilməsini təmin edir.

Yeni kəşf edilən planetin maraqlı xüsusiyyətlərindən biri də daimi olaraq eyni üzünün ulduza dönük olma ehtimalıdır. "Kütləçəkimi kilidi" kimi tanınan bu vəziyyət bir üzün daimi isti, digər üzün isə daimi soyuq qalmasına səbəb ola bilər. Əgər belədirsə, istilik paylanması qeyri-bərabər olar və bu da suyun daha sərin bölgələrdə ilişib qalmasına səbəb ola bilər.

NASA TOI-1846 b-nin atmosferini daha yaxından öyrənmək üçün Ceyms Vebb Kosmik Teleskopunu işə salmağı planlaşdırır. İnfraqırmızı müşahidələr sayəsində planetin atmosferində su buxarı, metan, karbon qazı və ya bənzər qazların izləri axtarılacaq. Bundan əlavə, digər teleskoplar və rəsədxanalar planetin kütləsi üzərində aparılan hesablamaları dəstəkləyir. Alimlər TOI-1846 sistemində başqa planetlərin də ola biləcəyini düşünürlər. Xüsusilə TOI-1846 b-nin orbitində aşkar edilən kiçik sapmalar sistemdə daha kənar bölgələrdə, potensial yaşana biləcək şəraitə malik başqa bir planetin mövcudluğuna işarə edə bilər.

Samir
 

phrase_var_article.chosen
92
50
hit.az

10phrase_var_article.sources