AZ

Ənənəvi innovasiyalar daha çox mənfəətə yönəldiyi üçün...

BU GÜN HƏM DƏ SOSİAL İNNOVASİYALARA EHTİYAC VAR

Müasir dünyada iqtisadi inkişaf və sosial rifaha qovuşmaq yeni yanaşma tələb olunur. Çünki indi elə bir dövrdə yaşayırıq ki, zəngin təbii sərvətlər olmadan da iqtisadiyyatı inkişaf etdirməklə insanların həyat şəraitini yaxşılaşdırmağa imkanlar var. Məsələn, dünya bazarına yüksək gəlir gətirən məhsullar çıxarmaqla xammal ixracından çox qazanc əldə etmək olar. Yaxud innovativ texnologiyalardan geniş istifadə etməklə də  sosial rifaha nail olmaq mümkündür.

Ancaq bir problem də var ki, iqtisadiyyatda innovativ texnologiyalardan geniş istifadə hər zaman sosial rifahın təminatına və sosial bərabərliyin yaranmasına zəmanət vermir. Bu da insan amillərindən qaynaqlanır. Götürək sahibkarları. Onlar əksər hallarda daha çox gəlir əldə etmək üçün sosial sahəyə və ətraf mühitə vəsait xərcləməkdə xəsislik edirlər. Ona görə də sosial rifaha ən çox müsbət təsir göstərən səbəb iqtisadi inkişafdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov bildirir ki, qabaqcıl iqtisadiyyatlarda biliyə verilən əhəmiyyət və bu sahəyə qoyulan investisiyalar hər il artır: “Bilikdən istifadə innovasiyaların inkişafı üçün əlverişli zəmin hazırlayır. Yeni ideyalar, innovativ texnologiyalar, kreativ məhsullar və ya xidmətlər – bunların hamısı innovasiya proseslərinin nümunələridir. Bazar iqtisadiyyatı şəraitində innovasiyalara qlobal texnosahibkarlar daha böyük investisiyalar qoyur. Şirkətlər innovativ fəaliyyətləri ilə yeni məhsullar ərsəyə gətirir, bazar payını artırmağa çalışır və daha çox gəlir əldə etməyi hədəfləyirlər. Amma bu cür innovasiyalar həmişə cəmiyyətin ümumi rifahının yaxşılaşmasına böyük təsir göstərmir”. İ.Qasımov qeyd edir ki, innovasiyalar bəzən iqtisadi artıma səbəb olsa da, bunun əvəzində sosial problemlər öz həllini yetərincə tapa bilmir, cəmiyyətlərdə bərabərsizlik qalır (bəzən artır), həyat səviyyəsi gözlənildiyi kimi yüksəlmir.

Mütəxəssisin sözlərinə görə, qlobal bazarda özəl sektor innovasiyaların ən böyük lokomotivlərindəndir. İnnovasiyalara əhəmiyyət verən şirkətlər bazarda rəqabət aparmaq, müştərilərin tələblərinə cavab vermək və şirkətin gəlirlərini artırmaq üçün daim yeni məhsullar və ya xidmətlər formalaşdırırlar. İnnovasiya proseslərinə əhəmiyyət verən iqtisadiyyatlar daha güclü olur. Bir sözlə, bilikdən istifadəni daha çox təmin etməklə daha çox əlavə dəyər formalaşdıran iqtisadiyyatlar rəqabətdə ön plana çıxır. Bunun nəticəsində dünyanın tədqiqat və inkişaf xərcləri 2023-cü ildə  təqribən 3 trilyon dollar olub ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir”.

Məlum olduğu kimi, özəl sektorun əsas məqsədi yüksək qazanc əldə etməkdir. Buna görə də innovasiyalar daha çox məhsul və ya xidmət satmağa, istehlakı artırımağa yönəlir. Bu zaman sosial rifah və ya ətraf mühitin qorunması kimi məsələlər arxa plana keçə bilər. Məsələn, şirkətlər biznes fəaliyyətlərində daha çox məhsul satmağa, yüksək gəlir qazanmağa fokuslanır ki, bu da ehtiyacdan artıq istehlakın formalaşmasına gətirib çıxarır. Beləliklə, özəl sektorun innovasiya fəaliyyəti iqtisadi artıma səbəb olsa da, bu artım heç də həmişə cəmiyyətin ümumi rifahına bərabər səviyyədə təsir etmir.

İsa Qasımovun sözlərindən məlum olur ki, innovasiya sahəsində uzunmüddətli və dayanıqlı inkişafın təminatı elm və təhsilə investisiyaların artırılmasıdır: “Elm yalnız yeni texnologiyalar formalaşdırmaqla kifayətlənmir, həm də cəmiyyətin müxtəlif problemlərinin həll yollarını tapmağa çalışır. Tarix göstərir ki, çox böyük və təsirli innovasiyalar məhz elmi tədqiqatlar nəticəsində yaranıb. Məsələn, internetin özü dövlət və elmi institutların birgə səyi ilə inkişaf etdirilib. Peyvəndlər və digər tibbi kəşflər insan sağlamlığını xeyli yaxşılaşdırıb. Təhsil sahəsində inkişaf edən yeni üsul və texnologiyalar isə daha çox insana biliyə çıxış imkanı verir”.

Müasir dövrün tələblərinə görə, elm və təhsil müəssisələri innovasiya prosesində risk almağa və uzunmüddətli layihələrə yönəlməyə hazır olmalıdırlar. Onların məqsədi yalnız qazanc deyil, həm də ictimai fayda, biliklərin paylaşılması və davamlı inkişafdır. III nəsil universitetlərin məqsədləri təhsil, tədqiqat və bilikdən istifadə  olmalıdır. Bu məqsədlərin formalaşdırdığı əlavə dəyər isə təhlil və analitik bacarıqlara malik mütəxəssislər, eləcə də sosial sahibkarlardır. Həmin proseslərdə elm və özəl sektor arasındakı əlaqə olduqca vacibdir. Hər iki sahə bir-birini tamamlayaraq daha uğurlu və genişmiqyaslı innovasiyaların yaranmasına şərait yaradır. Lakin bu işdə universitetlər zəif qaldığı halda, istənilən biznes bazardakı mövqeyini qorumaq üçün yollar axtarırlar. Universitetlərdən intellektual dəstək ala bilməyən sektor belə vəziyyətdən əziyyət çəksə də, güclü bizneslər öz maraqlarına uyğun innovasiya prosesini qurmağa cəhdlər edə bilirlər. Nəticədə innovasiyalara müstəqil nail ola bilən tərəflər daha da güclənir və bazar payının artırılması istiqamətində startegiyalar tətbiq edirlər. Proseslərin belə davam etdiyi şəraitdə sosial bərabərsizlik artır və cəmiyyət daha çox istehlakçı mövqeyində qalır.

İsa Qasımov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində ənənəvi innovasiyalar çox vaxt yalnız mənfəətə yönəlir: “Amma bu gün daha çox sosial məsuliyyət daşıyan, cəmiyyətin və ətraf mühitin rifahını əsas götürən innovasiya modellərinə ehtiyac var. Belə yanaşmaya sosial innovasiyalar deyilir. Sosial innovasiyalar yalnız biznesin uğuru üçün deyil, həm də sosial problemlərin həlli, davamlığın və bərabərliyin artırılması, ekoloji davamlığın təmin olunması kimi məsələlərə fokuslanır. Burada əsas məqsəd cəmiyyətə real fayda verərək biznesin davamlığına nail olmaqdır. Bu cür yanaşmalar sosial sahibkarlığı inkişaf etdirir. Sosial sahibkarlar həm sosial, həm də iqtisadi məqsədləri birləşdirir, cəmiyyətin ehtiyaclarına cavab verən, davamlı həllər təklif edir. İnnovasiyalara əhəmiyyət verməyən təşkilatlar bazarda dayanıqlıq göstərə bilmirlər. Elm və təhsil ilə məşğul olan bilik müəssisləri (universitetlər və tədqiqat institutları) bazardan olan biznes tərəfdaşları ilə birlikdə daha effektiv təsirlər formalaşdıra bilirlər. Şübhəsiz ki, bu əməkdaşlıq olmadığı halda, bizneslər bilik müəssisələrindən ayrı da olsa (qlobal bazar tendensiyalarının tələbinə uyğun), innovasiya etməyə cəhdlər edə bilərlər. Ancaq bu zaman əldə edilən nəticələr sosial rifahla yox, yalnız iqtisadi artımla müşahidə olunar”.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, bilik istehsalı ilə məşğul olan müəssislərin (beyin mərkəzləri, universitetlər, tədqiqat institutları və digər) innovasiya proseslərindən kənar qalmaları və ya bu prosesdə lokomotiv rol formalaşdıra bilməmələri həmin müəssisələrin təsirsizləşməsinə gətirib çıxarır. Belə vəziyyət isə cəmiyyətin istehlak asılılığını artırır, gələcək rifah üçün yaxşı vədlər vermir.

Rüstəm KAMAL,

“Azərbaycan”

Seçilən
31
50
azerbaijan-news.az

10Mənbələr