Azərbaycan buğda idxalını 56 % artırıb. Bu ilin I yarısında Azərbaycan 602 min 255 ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 130 milyon 661 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Bəs, əlverişli iqlim və torpaq şəraitinə malik olan ölkəmiz niyə buğda istehsalında idxaldan bu qədər asılıdır? Məsələnin səbəblərini araşdırmaq üçün kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmliyə müraciət etdik. Moderator.az müsahibəni təqdim edir:

– Azərbaycanın iqlim və torpaq şəraiti buğda istehsalı üçün əlverişli olsa da, ölkəmiz buğda tələbatını daxili istehsalla niyə ödəyə bilmir? Əsas səbəblər nədən ibarətdir?
– Son beş ilə nəzər salsaq, Azərbaycanda buğda istehsalı kəskin şəkildə azalmaqdadır. Təəssüf ki, Azərbaycanda buğda az həcmdə istehsal olunur. Keçən il bu göstərici 1 milyon 680 min ton idi. Əslində, bu ölkənin illik ümumi tələbatına bərabərdir və kifayət etməlidir. Lakin istehsal edilən buğda ərzaq buğda standartlarına cavab vermir. Məsələn, buğda keyfiyyətinə görə birinci, ikinci, üçüncü, dördüncü və beşinci siniflərə bölünməlidir. Azərbaycanda bu təsnifat aparılmadığı üçün hansı hissənin ərzaqlıq keyfiyyətə malik olduğunu müəyyənləşdirmək mümkün olmur. Hazırda çox az miqdarda buğda Dövlət Taxıl Fondu tərəfindən alınır və bu da nisbətən keyfiyyətli hissəni əhatə edir. Amma bu, ümumi tələbatın təxminən 20 faizini qarşılayır. Əvvəllər bu göstərici 30 faiz idi, indi 20 faizə düşüb. Yəni nəticədə ölkəmiz buğdanın 80 faizini idxal etməyə məcbur qalır.
– Buğdanın əsas idxal mənbəyi hansı ölkələrdir?
– Təəssüf ki, ən çox buğdanı Rusiyadan idxal edirik. Uzun illərdir deyirik və mətbuatda da dəfələrlə qeyd olunub ki, idxal mənbələri şaxələndirilməlidir. Digər ölkələrlə çalışıb ticarət əlaqələri qurmaq lazımdır ki, bir ölkədən asılılıq yaranmasın. Hazırda dünyada qlobal problemlər yaşanır – iqlim dəyişikliyi, istiləşmə, müharibələr və tərəfdaşların etibarlılığı məsələsi. Bu amilləri nəzərə alaraq, idxalın şaxələndirilməsi vacibdir. Məsələn, idxalın 10 faizi Rusiyadan, 5 faizi Qazaxıstandan, 5 faizi Ukraynadan və digər ölkələrdən təmin olunmalıdır. Əgər bu münasibətlər vaxtında qurulsaydı və idxal bir neçə ölkə arasında bölünsəydi, hazırda təkcə bir ölkədən – Rusiyadan – asılı vəziyyətə düşməzdik. Bu cür asılılıq isə həmin ölkəyə üstünlük qazandırır və bəzən bu, siyasi alətə çevrilir. Strateji əhəmiyyətə malik buğda kimi məhsulların idxalı məsələsində belə riskləri nəzərə almalıyıq. İdxaldan asılı olmamaq üçün Azərbaycan öz tələbatını özü ödəməyə çalışmalıdır. Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etmək üçün buğdanın ən azı 80 faizini daxili istehsal hesabına ödəməlidir. Əksinə, hazırda cəmi 20 faizini istehsal edə bilirik və 80 faizlik hissəni idxal edirik. Əslində isə belə olmalıdır ki, ölkə 80 faiz daxili tələbatını özü ödəsin, 20 faiz də ehtiyat kimi toplansın və yalnız zərurət olduqda idxal edilsin. Çünki Azərbaycanın torpaq və iqlim şəraiti buna tam imkan verir.
– Yerli buğda istehsalının artırmaq üçün hansı tədbirlərin görülməsi vacibdir?
– Təəssüf ki, bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr çatışmazlığı problemi qalmaqdadır. Bu təkcə ölkəmizdə deyil, postsovet ölkələrinin əksəriyyətində belədir. Çünki kənddə hər kəsə torpaq verilib, amma bu torpaqdan səmərəli istifadə etmək üçün lazım olan bilik və bacarıq, təəssüf ki, insanlarda yoxdur. Torpaqla işləmək çətin və məsuliyyətli işdir, bunu hər kəs bacarmır. Məhz buna görə də kənd təsərrüfatı üzrə texniki məktəblər – texnikumlar yaradılmalı idi. Bu təhsil ocaqlarında gənclərə bitkiçilik, heyvandarlıq və ümumiyyətlə aqrar sahənin əsasları öyrədilməli, onlar praktiki biliklərlə təchiz olunmalı, sonda isə sertifikat almalı idilər. Belə bir sistem qurulsaydı, bu gün bu qədər idxaldan asılı vəziyyətdə qalmazdıq.
Ümumiyyətlə, orta məktəblərdə də kənd təsərrüfatı dərsləri – bitkiçilik və heyvandarlığın əsasları tədris olunmalıdır. Bu, gələcək nəsildə kənd təsərrüfatına maraq oyadacaq və peşə seçimində əhəmiyyətli rol oynayacaq. Normal və məqsədyönlü təhsil sistemi qurulmadan kənd təsərrüfatında davamlı inkişafdan danışmaq çətindir.
– Bəs aqrar sahədə çalışanların ixtisaslaşdırılması və texniki biliklərlə təmin olunması üçün hansı konkret addımlar atılmalıdır?
– İlk növbədə bu işə başlayan şəxs peşəkar olmalıdır. İnsan peşəkar olsa, nə edəcəyini bilər. Bu işi üzərinə götürən şəxs peşəkar olsa, keyfiyyətli toxumu, pestisidləri, gübrələri də tapar. Peşəkarların olmaması, sahəni idarə edənlərin də qeyri-peşəkar olmasi ciddi problemlərdir. Dövlət tərəfindən fermerə hektar üçün lap 10 000 manat da ayrılsa, əgər o nə edəcəyini bilmirsə, bu yardımın heç bir effekti olmayacaq. Təəssüf ki, ölkədə fermerlərin 95 faizi təsadüfi adamlardır, nə edəcəyini bilmirlər. Ona görə də əsas məqsəd fermeri yetişdirməkdir və onlara lazım olan bilik və bacarıqları verməkdir.
Təbii ki, dövlət tərəfindən fermerlərə imkan yaradılmalıdır. Çünki bu gün bazara çıxarılan istehsal vasitələri – pestisidlər, gübrələr – keyfiyyət baxımından aşağı səviyyədədir. Fermerlər onlardan istifadə edir, pul xərcləyirlər, amma nəticə əldə edə bilmirlər. Bu da ümumi məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Texnoloji avadanlıqların olmaması səbəbindən kəndlilər istehsal etdiyi buğdanı sortlaşdıra, siniflərə bölə bilmir. Eyni zamanda, torpaqların münbitləşdirilməsi istiqamətində isə heç bir ciddi iş görülmür. İstehsal vasitələrinin – məsələn, su və texnikanın – mövcud olmaması da problemdir. Bəli, su azalır, amma intensiv yağışlar yağır və su yenidən yaranır. Bir-iki, üç gündən sonra biz bu mənzərəni yenidən görəcəyik. Ölkədə potensialımız tələbatımızdan beş dəfə çoxdur. Bu hesablamanı dəfələrlə aparmışıq və təqdim etmişik.
– Azərbaycan kənd təsərrüfatında hansı ölkənin təcrübəsindən faydalansa, məhsuldarlığı artıra bilər?
– Almaniyada hər hektardan 75 sentner buğda əldə olunur. Torpaq və iqlim şəraiti yaxşı olan Azərbaycanda bu göstərici 30 sentnerdən yuxarı qalxmır. Çünki Almaniyada heç bir hektar torpaq ixtiyari şəxsə icarəyə verilmir. Orada torpaqlar 100 faiz icarə əsasında idarə olunur. Bəzi köhnə torpaqların sahibləri var, onlar da torpaqları icarəyə verirlər. Almaniyada aqronom diplomu almaq kifayət deyil. Vacib olan həm də təcrübədir. Məsələn, təcrübəli fermerin yanında təcrübə keçmək şərtdir. Yalnız bundan sonra torpaq verilir. Torpaq verən komissiya həmin şəxsin torpaqdan istifadə keyfiyyətini yoxlayır, gördüyü işi analiz edir. Ölkəmizdə isə torpaq paylanır, amma bu, elə bil iş torpağı sadəcə bölməkdir, kənddə hansı nəticəyə gətirib çıxardığı yoxlanılmır. Ona görə də torpağın istifadəsi və məhsuldarlığı ciddi nəzarət altında olmalıdır.
Mehin Mehmanqızı