AZ

150 yaşlı Azərbaycan mediası ən güclü dövrünü yaşayır

İctimai rəyin formalaşmasında, milli mədəniyyətin

və dilin qorunub saxlanmasında müstəsna rol oynayan milli mətbuat hər bir dövlət

üçün vacib institutdur. Xüsusilə hibrid savaşların, informasiya müharibəsinin

aktuallaşdığı dövrdə medianın rolu ön plana çıxıb. Artıq elə bir tendensiya

yaranıb ki, dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində KİV-lər də iştirak

edir.

150 illiyini qeyd edən Azərbaycan milli mətbuatı

da uzun və keşməkeşli inkişaf yolu keçib. 1875-ci ildə “Əkinçi” ilə yola çıxan

Azərbaycan mətbuatı bütün inkişaf mərhələlərində milliliyi qoruyub saxlayıb.

Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində

böyük xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Milli mətbuatımızın

inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə

tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik

uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Müstəqillik dövründə Azərbaycanda müasir kütləvi

informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandı.

Belə ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə

həyata keçirilən islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını

məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən

mütərəqqi qanunvericilik bazası yaradıldı. Məhz bu ali dəstək nəticəsində ölkəmizdə

mətbuat azadlığı prinsipləri bərqərar oldu.

İnformasiya resurslarının iqtisadi müstəqilliyinin

gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində

ardıcıl tədbirlər görülür.

Azərbaycan mediası həm birinci, həm də ikinci

Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Uzun

illər işğala məruz qalan dövlətin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq

missiyasını yerinə yetirib. Ölkəmizə qarşı hər zaman həyata keçirilən ikili

standartlar siyasətilə mübarizədə milli mətbuatımız ön sırada olub.

Peşəkar Azərbaycan jurnalisti həm də vətənpərvər,

təmsil etdiyi dövlətin milli maraqlarını bütün maraqlardan üstün tutmaqla fərqlənir.

44 günlük Vətən müharibəsi zamanı mediamız əsl

vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu. Ölkəmizə qarşı aparılan çirkin

dezinformasiya müharibəsinin qalibi oldu. Azərbaycanın haqq səsi dünya

ictimaiyyətinə çatdırıldı. Düşmənin və onun havadarlarının saxta məlumatları

yüksək peşəkarlıqla ifşa olundu.

2020-ci il 

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa

etməsi bölgədə yeni reallıqlar yaratdığı kimi milli mətbuatımız üçün də yeni

prioritetlər formalaşdırıb.

Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu

sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf

edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını

qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyevin milli mətbuatın 150

illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncamı ali diqqət və

qayğının növbəti təzahürüdür. Bir neçə gün əvvəl Xankəndidə keçirilən 3-cü Şuşa

Qlobal Forumunda cənab Prezident Azərbaycan mətbuatını milli maraqları müdafiə

edən güclü platforma kimi qiymətləndirdi. Dövlət başçımızın da bəyan etdiyi

kimi, “Azərbaycan mediası nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox

böyük nüfuz qazanıb. Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

Ölkəmizə qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlil və faktlar əsasında

ifşa etməkdə də böyük uğurlar əldə edib.”

Bir sözlə, bu gün mediamız Azərbaycanın tərəqqisinin,

müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısıdır. Əminliklə söyləyə

bilərik ki, qalib Azərbaycanın milli mətbuatı ən güclü dövrünü yaşayır.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Seçilən
40
19
azerbaijan-news.az

10Mənbələr