AZ

Xankəndi ucalığından səslənən həqiqətlər və Qarabağ Fatehinin uğurlarının sirri

Bu gün, 14:34

Hər birimiz hazırda davam edən III Şuşa Qlobal Media Forumunun ilk gününün təəssüratları içərisindəyik.

 Bundan əvvəl Şuşada keçirilən hər iki Forumun özəllikləri var idi və bu barədə kifayət qədər yazılıb, deyilib. Amma bu dəfə Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini...

Xankəndidə bir araya gətirmişdi! 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatınadək separatizmin “beşiy”i olan Xanın yurdunda, tarixi Azərbaycan torpağında Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi edir – İslam Əməkdaşlıq Təşkilatı Zirvəsinin ardınca! Bu mənada Forumun özünün rəmzi mənası və əhəmiyyəti var. Üstəlik, ənənəvi xarakter daşıyan bu mötəbər tədbirin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsində reallaşmasının özü mediamız adına böyük hadisə, həm də hədiyyədir. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin haqlı mübarizəsi bundan sonra da davam edəcək, ideoloji, diplomatik savaşda, media müstəvisində hər kəs öz sözünü deməli, Azərbaycana qarşı qərəzli mövqelərin alt-üst edilməsi, həqiqətlərimizin yayılması, lazımi ünvanlara çatdırılması istiqamətində fəaliyyət davam etdirilməlidir. 44 günlük müharibə zamanı dünyanın çoxlu saylı nüfuzlu media orqanlarına müsahibələr verərək, Azərbaycanın ədalətli mövqeyini informasiya müstəvisində də çatdıran, bir çox hallarda hazır tezislərlə, qərəzli yanaşmalarla göndərilən jurnalistlərə ömür boyu unutmayacaqları səviyyədə dərs keçən dövlətimizin başçısı ondan sonrakı dövrdə olduğu kimi, bir gün öncə Xankəndidəki III Şuşa Qlobal Media Forumundakı çıxışında da bir vətəndaş, jurnalist olaraq hər birimizi qürurlandıran yanaşmaları ilə qəlblərimizi fəth etdi.
İlham Əliyev III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi - VİDEO
Prezidentin Forumun keçirildiyi, vaxtilə separatçıların “şeytan yuvası”nın olduğu ərazidə yeni tikilmiş Konqres Mərkəzindəki konfrans zalına daxil olmasını əks etdirən kadrlar kifayət edərdi ki, bu tarixi tədbir – görüş barədə yüksək fikirlərini bölüşəsən. Dünyanın onlarla ölkəsindən təşrif buyuran media mütəxəssisləri, ekspertlər və digər qonaqlar Prezident İlham Əliyevi – Azərbaycan torpaqlarını təkbaşına, heç bir başqa ölkənin iştirakı, birbaşa dəstəyi olmadan azad etməklə 21-ci əsr nümunəsini yaratmış Lideri Xankəndidəki Zəfər meydanındakı ünvanda ayaq üstə, böyük ehtiramla qarşıladılar, səmimi salamlaşma oldu. Belə münasibətə dünyanın neçə ölkəsinin lideri layiq görülür, hesablasaq, say elə də çox deyil... Ötən il 197 ölkənin iştirakı, 77 min qonağın qatılması ilə keçirilmiş COP 29-da da Azərbaycan Prezidentinə böyük diqqətin şahidi olmuşduq. 70 dövlət və hökumət başçısının qatıldığı Bakı Konfransında Azərbaycan Liderinə münasibət tamam fərqli idi. Belə böyük ehtirama layiq görülməyin sirrini, uğur düsturunu da dövlətimizin başçısı Xankəndidə açıqladı.
Sitat: “Xalqıma heç vaxt yalan söyləmirəm... Mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək”. 

Belə yüksək keyfiyyətə malik neçə dövlət başçısı var? Öz xalqını aldadaraq hətta onları fəlakətlərə düçar edən dövlət başçılarının sayı bilirsinizmi nə qədərdir? Hələ həmkarlarını, müttəfiqlərini aldadanlar, fürsət düşən kimi onlara kürəyindən zərbə vuranlar. Prezident İlham Əliyev isə GÖRÜNDÜYÜ KİMİ OLAN, OLDUĞU KİMİ GÖRÜNƏN LİDERDİR! Hakimiyyətə gəlişinin ilk günlərində birmənalı şəkildə bəyan etmişdi ki, hər bir azərbaycanlının prezidenti olacaq, bu gün də o missiyanı şərəflə davam etdirir, özü də təkcə Azərbaycan miqyasında deyil, bütün dünyada. Qarabağ məsələsi ilə bağlı ən müxtəlif təzyiqlərə məruz qalsa da, torpaq vazkeçilməzdir, mövqeyinə sadiq qaldı və sonda Uca Yaradan da haqq tərəfdarı olan dövlət başçımıza yardımçı oldu, onun Baş Komandanlığı ilə şanlı ordumuzun, şəhid və qazilərimizin şücaəti sahəsində torpaqlarımızı yağı düşməndən azad etdik. Azərbaycanı reallıqla barışmağa, işğal altındakı ərazilərdən imtina etməyə vadar etmək istəyənlər bu gün nə qədər böyük yanlışlıqlara və pisliklərə imza atmaq istədiklərinin fərqindədirlərmi, demək çətindir. Amma cənab İlham Əliyevin həm Azərbaycan xalqının, həm də məhz onu təslimçiliyə məcbur etmək istəyənlərin qarşısında üzü və alnı açıqdır, çünki xalqa verdiyi vədə sadiq qaldı, onu məğlubiyyətə sürükləmək istəyənlərə təkbaşına, qətiyyətli, cəsarətli, əzmkar mövqeyi və doğru hesab etdiyi yolu ilə qalib gəldi. Xankəndidəki Forum boyunca yüksək əhval-ruhiyyənin ilkin səbəbi məncə, məhz bu idi. Xankəndini erməni separatçılara pay vermək istəyənlərin dünənki məkrli siyasətinə Qarabağ Fatehi həm ədalətli mövqeyi, həm də gülüşü ilə o ucalıqdan cavab vermiş olurdu.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlhamƏliyev görüşdə iştirak edib - BakuInform
Prezident İlham Əliyevin dünya boyunca böyük uğurlar qazanması və nüfuzunun günbəgün yüksəlməsinin sirrini soruşan jurnalistə dedikləri dünyanın bir sıra siyasətçiləri üçün də evtapşırığı rolunu oynaya bilər: “Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq. Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib”.
Yeri gəlmişkən, Foruma yüksək səviyyədə moderatorluq edən “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun iştiraçıları salamlayarkən “Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq”, xitabının, təqdimatın özü də olduqca xoş oldu...
Prezident İlham Əliyev giriş nitqində söylədiyi kimi, artıq ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumuna qatılan qonaqların sayı getdikcə artır, coğrafi əhatə daha da genişlənir. Üstəlik, mehriban şəraitdə açıq müzakirələrə - özü də təkcə media ilə bağlı deyil, həmçinin qlobal gündəliklə əlaqədar - böyük ehtiyacın olması unudulmamalıdır. Bu mənada şəxsi düşüncəmə görə, Şuşa Qlobal Media Forumu ilə iştirakçıların çərçivəsini bir kənara qoysaq, əhəmiyyətinə görə hətta Davos İqtisadi Forumu ilə müqayisə etmək üçün kifayət qədər əsaslar var. Amma Xankəndi Forumunda ədalət var. Xatırlayırıq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti ilə debat zamanı “Mənimçin Davos bitmişdir”, söylədi. Bəli, bəlli mövqe səbəbindən qardaş ölkənin Lideri sərt bəyanat verməyə vadar oldu. Bu da cənab Ərdoğanın qətiyyətinin, prinsipiallığının nəticəsi idi. Və...Xankəndi Zirvəsində isə ədalətin cəsarətli şəkildə nümayişini 19 iyulda bütün dünya növbəti dəfə gördü.

Ukraynanın məşhur jurnalisti Dmitri Qordon prinsipial mövqeyinə görə Azərbaycan Prezidentinə təşəkkür etdikdən sonra “Artıq neçə ildir ki, biz Ukrayna dövlətinin varlığı uğrunda çox ağır müharibə şəraitində yaşayırıq. Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?”, sualına Prezident İlham Əliyevin cavabı möhtəşəm oldu. Həm Azərbaycanın keçdiyi məşəqqətli yolu bir daha unutqan dünya birliyi üçün xatırlatdı, həm də Ukrayna üçün XİLAS YOLUnu göstərdi. Sitat: “Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq”. Bu, böyük cəsarət nümunəsi olmaqla yanaşı, ədalətin təntənəsidir. İlham Əliyev həm də böyük bir nümunə göstərir: özünə, öz xalqına rəva bilmədiyini başqalarına da, o cümlədən dost Ukraynaya rəva bilmir, bunu açıq şəkildə bəyan edir! Bunu öz torpaqlarını təkbaşına azad edən Qalib Komandanın təqdim etdiyi Yol Xəritəsidir!
Eyni zamanda Prezident İlham Əliyevin ötən ilin dekabrında mülki təyyarəmizin Rusiya raketləri ilə vurulmasına dair ifşaedici çıxışı da Forumun tarixinə yazıldı. Dövlətimizin başçısı təyyarə vurulan gün – Rusiya səfərindən elə havada ikən geri qayıdaraq – prinsipial mövqeyini açıqlayan, konkret tələblərini irəli sürən Prezident Xankəndidə də bildirdi ki, hadisədən 7 ay keçsə də, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq.

Sitat: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir”. 

Dövlət başçımız guya Ukrayna dronunun bizim təyyarəmizlə toqquşduğu haqda iddianı da “gülünc bir iddia” adlandırdı. Bildirdi ki, təyyarəmizə qarşı iki dəfə hücum olub.

Sitat: “Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.
III Şuşa Qlobal Media Forumu: İlham Əliyev nələrdən danışdı | TAM MƏTN
Hər bir azərbaycanlının prezidenti mövqeyinə, prinsiplərinə sadiqdir, qarşısında kimin, hansı ölkənin olmasına baxmayaraq, ədalətli mövqeyindən zərrə qədər də geri çəkilmir. Bu, Qarabağın, Şərqi Zəngəzurun azad olunmasına münasibətdə də belə idi, Qərbi azərbaycanlıların ləyaqətli qayıdışı məsələsində də həmin qətiyyət ortadadır, Zəngəzur dəhlizinin açılmasında da, Ukraynanın ərazi bütövlüyünün təminatında da, mülki təyyarəmizə qarşı terror edib, günahı başqasının üstünə atmaq istiqamətində cəhdlərin ifşasında da...O qətiyyətlidir, prinsipialdır, ədalətlidir və beynəlxalq hüquqa istinad edir. Qələbənin, böyüklüyün, hörmət qazanmağın düsturu budur. Öyrənmək heç kim üçün heç zaman gec deyil, Xankəndidəki 3 saatlıq sual-cavabı, master-klassı əxz edənlər qazanacaqlar, bütün mənalarda...
Cənab Prezidentin Milli Mətbuatımızın 150 illiyi ilə bağlı Azərbaycan jurnalistikasına Xankəndidəki çıxışında verdiyi böyük qiymət isə Zəfərimizin 5-ci ildönümündə peşəsinin yubileyini qeyd edən biz jurnalistləri şərəfləndirməklə yanaşı, hər birimizin üzərinə böyük məsuliyyət yükü qoyur. “Bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”, qiymətini almaq, özü də Xankəndidən bilirsinizmi, bizləri necə qürurlandırdı! Təşəkkürlər, cənab Prezident, Sizdən öyrənmək və Sizin dünyanı heyrətləndirən ali keyfiyyətlərinizdən bəhs etmək çox xoşdur!

Elşad Paşasoy

Seçilən
32
Reportyor.tv

1Mənbələr