"Bu qələbə təkcə idman uğuru deyil, həm də Ukrayna xalqı üçün ruh yüksəkliyi, döyüşkənliyin və əzmkar iradənin rəmzidir..."
İyulun 19-da Londondakı məşhur "Uembli" stadionunda baş tutan boks gecəsi idman tarixində iz buraxıb. Ukraynalı Aleksandr Usik beşinci raundda britaniyalı rəqibi Daniel Dyubuanı parlaq nokautla məğlub edərək artıq üçüncü dəfə dünya boksunun mütləq çempionu titulunu qazanıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Rinqdə qələbədən dərhal sonra Usik emosional çıxış edib: "Ölkəmizi cəbhədə qoruyan hərbçilərimizə təşəkkür edirəm. Siz olmasaydınız, bu gün burada ola bilməzdim. Siz möhtəşəmsiniz!".
Ukrayna prezidenti Vladimir Zelenski də sosial şəbəkədə Usikin qələbəsini belə qiymətləndirib: "Mütləq çempion. Əfsanə. Bizimkilərdən biri".

Gənc ruh, məğlubedilməz idmançı
Aleksandr Usik bu döyüşlə öz karyerasında heç vaxt məğlub olmayan nadir peşəkar boksçular sırasındakı yerini bir daha təsdiqləyib. 38 yaşlı çempion karyerasını bitirmək niyyətində olmadığını, hələ də özünü "gənc" hiss etdiyini söyləyib. Döyüş isə gərgin və sürətli başlayıb.

Dyubua ilk raundlarda ehtiyatlı olub, Usik isə ardıcıl dəqiq zərbələrlə üstünlüyünü göstərib. Üçüncü raundda Dyubua fəallaşsa da, raundun sonu yenə də Usikin xeyrinə olub. Dördüncü raundda britaniyalı idmançı yenidən Usikə qayda pozuntusu sayılan aşağı zərbə endirib, bu, onların ilk görüşündə də yaşanmışdı. Beşinci raundda isə Usik iki dəfə Dyubuanı yerə yıxlb və ikinci nokautdan sonra rəqib ayağa qalxa bilməyib.
Revans döyüşü və şübhələrin silinməsi
Bu döyüş onların ilk qarşılaşmasından (26 avqust 2023, Vrotslav) sonra yaranan mübahisələri sonlandırmalı idi. Həmin görüşdə Usik 9-cu raundda Dyubuanı nokauta salaraq qalib gəlmişdi. Lakin 5-ci raundda Usikin rinqə yıxılması və hakimin bunu "qaydadan kənar zərbə" kimi qiymətləndirməsi mübahisələr doğurmuşdu. Britaniyalıların fikrincə, bu "təmiz" zərbə idi və hakim səhvə yol vermişdi. Bu səbəbdən revans döyüşü təşkil olundu və bu dəfə Usik şübhəyə yer qoymadan qalib gəldi.

Çempionluq kəmərlərinin tamlığı
Bu döyüş həm də Usikə əvvəlki IBF titulunu geri qazanmaq fürsəti verdi. 2024-cü ilin mayında o, britaniyalı Tayson Fyurini məğlub edərək ağır çəkidə (heavyweight) dörd əsas titul - WBA, WBO, IBF və WBC-nin hamısını əldə etmişdi. Bu, onu son 20 ildə bu çəkidə mütləq çempion olan ilk boksçu etmişdi. Lakin iyunda IBF titulunu könüllü şəkildə qaytarmalı oldu - eyni vaxtda həm Fyuri ilə revanş döyüşü, həm də bu titulu müdafiə etmək mümkün deyildi.
Sonradan IBF tituluna görə Dyubua və xorvat Filip Hrqoviç arasında ayrıca döyüş baş tutdu və Dyubua yeni IBF çempionu oldu. İndi isə Dyubua üzərindəki qələbə ilə Usik həmin IBF titulunu da geri qaytardı və üçüncü dəfə özünü mütləq dünya çempionu elan etdirdi. Aleksandr Usikin bu qələbəsi təkcə idman uğuru deyil, həm də Ukrayna xalqı üçün ruh yüksəkliyi, döyüşkənliyin və əzmkar iradənin rəmzidir. O, bir daha sübut etdi ki, yaş, sadəcə, rəqəmdir, əsl çempionluq isə ruhda başlayır.