Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Formunun iştirakçıları ilə görüşdə bildirib ki, Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb. 7 aydır ki, biz cavab ala bilmirik.
Həmçinin Azərbaycanın dövlət başçısı onu da diqqətə çatdırıb ki, biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, biz Beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən sənədlər hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. 10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatsın. Ancaq biz ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf olsun ki, bugünkü gördüyümüz vəziyyət heç də bizim ikitərəfli münasibətlərimiz baxımından yararlı deyil.
Azərbaycan Prezidentinin bu açıqlaması dünya ictimaiyyətində ölkəmizə qarşı münasibətə necə təsir edəcək? Yerigəlmişkən, Rusiya tərəfinin reaksiyası və mövqeyi necə olacaq? Xüsusilə Avropa ölkələri və Amerika Birləşmiş Ştatları bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirəcəkmi?
Mövzu ilə bağlı politoloq Züriyə Qarayevə Referans-a açıqlama verib. Züriyə Qarayeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən 7 aydır cavab verilməməsini tənqid etməsi və Beynəlxalq Ədliyyə sisteminə müraciət niyyətini açıqlaması dünya ictimaiyyətində ciddi rezonans doğura bilər. Bu bəyanat, Azərbaycanın beynəlxalq hüquqa və şəffaf araşdırmaya sadiqliyini göstərdiyindən, xüsusilə Qərb dövlətlərində – Avropa İttifaqı ölkələri və ABŞ-da – müsbət qarşılanacaq. Avropa və Amerika üçün beynəlxalq hava təhlükəsizliyi və insan həyatının dəyəri prinsipial məsələdir və bu kontekstdə Azərbaycanla həmrəylik nümayiş etdirmələri mümkündür.
Siyasi şərhçi eyni zamanda onu da deyib ki, bu çıxış Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə gərginlik yaradacaq, çünki Moskva ənənəvi olaraq xarici təzyiqə və beynəlxalq məhkəmə mexanizmlərinə qarşı həssas yanaşır. Rusiya tərəfi ilkin mərhələdə ya məsələyə səssiz qalacaq, ya da araşdırmanın “texniki mürəkkəbliyi”ni əsas gətirə bilər. Lakin Azərbaycanın hüquqi müstəvidə bu məsələni qaldırması Rusiya üçün reputasiya baxımından ciddi risklər yaradır və Moskvanın müəyyən güzəştlərə getməsinə səbəb ola bilər.
"Ümumilikdə isə bu hadisə Azərbaycanın beynəlxalq hüquq və şəffaflıq tələb edən mövqeyini gücləndirəcək. Həmçinin də ölkəmizin Qərblə strateji yaxınlaşmasına zəmin yarada bilər",- deyə siyasi şərhçi əlavə edib.
Məmmədov Hüseyn