AZ

Bir neçə prinsip Azərbaycanın xarici siyasətinin taleyini həll etdi...


Bəhruz Quliyev: "Bu uğur xalqın inamı, liderin strateji baxışı və Azərbaycanın dünyaya açıq, eyni zamanda, öz maraqlarına bağlı olma fəlsəfəsidir"

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavin Mixail Qusmanın sualına cavabında Azərbaycanın xarici siyasətinin uğur heykayəsinin əsas amillləri sırasında xalqla və tərəfdaşlarla dürüst olmağı, yalan söyləməməyı, beynəlxalq hüquqa sadiqliyi, Azərbaycanın coğrafi mövqeyini, dövlətin D-8 Təşkilatına yeni üzv olmasını, milli, regional və qlobal maraqların qorunmasını dilə gətirdi və əlavə etdi ki, bu suala cavabı sonsuza qədər uzatmaq olar.

Sizcə, Azərbaycanın xarici siyasətinin uğur hekayəsi daha hansı amillərlə bağlıdır?

"III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti təsadüflər yox, strateji planlamalara, milli maraqlara, iradəyə söykənən prinsipiallıq və beynəlxalq hüquqa dərin hörmət əsasında formalaşıb. Dövlət başçısının TASS informasiya agentliyinin nümayəndəsinin sualına cavabında vurğuladığı kimi, bu uğur hekayəsinin təməlində xalqa münasibətdə səmimilik, tərəfdaşlara qarşı dürüstlük, yalanı siyasət alətinə çevirməmək və regionun reallıqlarını düzgün qiymətləndirmək dayanır. Amma təkcə bu deyil. Azərbaycanın xarici siyasətində uğurun formulu həm də liderlik və prinsipiallığın sintezidir. Bu liderlik Prezident İlham Əliyevin zamanında atdığı addımlar, prinsipiallıq isə milli maraqlardan bir addım belə geri çəkilməmək deməkdir. Bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin dayağıdırsa, bunun başlıca səbəblərindən biri ölkənin çoxqütblü diplomatiyası, balanslı, çevik və eyni zamanda qətiyyətli siyasətidir".

Bu sözləri baki-xeber.com-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, tərəfsiz qalmamaq, amma heç bir blokun tam təsirinə düşməmək siyasəti Azərbaycanı həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində nüfuzlu söz sahibinə çevirib: "Əlbəttə, D-8 İslam İnkişaf Təşkilatına üzvlük bu siyasətin yeni uğur mərhələsidir. Azərbaycan artıq yalnız regionda deyil, geniş İslam coğrafiyasında da iqtisadi və siyasi güc kimi tanınır.

Bu gün Azərbaycan Qafqazın enerji və nəqliyyat yollarında strateji açar rolu oynayaraq, Mərkəzi Asiyadan Avropaya qədər uzanan logistik dəhlizlərin kəsişmə nöqtəsində regional güc mərkəzinə çevrilməkdədir. Bu coğrafiyanın diqtə etdiyi məsuliyyət isə dövlətimizin siyasətində yüksək məsuliyyət və iradə ilə qarşılanır.

Və bir məsələ də var ki, Azərbaycan heç zaman başqasının mənafeyini milli maraqların üzərinə qoymayıb. Məhz bu prinsipial mövqe ölkəmizə dost qazandırır, etibar yaradır və zamanla gücə çevrilir.

Prezidentin dediyi kimi, bu uğurun səbəbləri sonsuzdur. Amma biz onu bir neçə kəlmə ilə ifadə etsək, deyə bilərəm ki, bu uğur xalqın inamı, liderin strateji baxışı və Azərbaycanın dünyaya açıq, eyni zamanda, öz maraqlarına bağlı olma fəlsəfəsidir".

Dəniz NƏSİRLİ

Seçilən
26
9
baki-xeber.com

10Mənbələr