AZ

Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir...


Rauf Zeyni: “Rusiya Azərbaycanın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə onunla bağlı beynəlxalq məhkəmələrə nə vaxtsa müraciət olunacaq”

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə mətbuat nümayəndələrinin suallarına cavab verib, bir sıra məsələlərə, o cümlədən də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması faktına və qarşı tərəfin lazımı addım atmamasına da toxunub.

“...Təəssüflər olsun ki, biz hələ Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir...

...Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır...”

Əgər Azərbaycanın şərtlərini yerinə yetirməsə, demək dövlətimiz Rusiya barədə beynəlxalq ədliyyə sisteminə, beynəlxalq məhkəməyə müraciət etməyi nəzərdən keçirir. Çünki artıq bu məsələ ilə əlaqədar xüsusi qovluq da hazırlanıb və bütün faktlar, dəlillər orda öz əksini tapıb.

“Bunun üçün kifayət qədər hüquqi əsaslar var”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, III Şuşa Qlobal Media Forumunun keçirilməsi ölkəmizdə və beynəlxalq aləmdə növbəti mühüm hadisədir. “Belə forumlarda, tədbirlərdə hər zaman Azərbaycan Prezidenti beynəlxalq aləmə öz mesajlarını verir. Şuşa Media Forumunda da Prezident bildirdi ki, təyyarə qəzası ilə bağlı məsələnin beynəlxalq məhkəməyə çıxarılması üçün Azərbaycan tərəfi müəyyən hazırlıqlar görür. Yəni milli hüquqlarını beynəlxalq hüquq müstəvisində müdafiəetmək üçün hər zaman hazır vəziyyətdə olmalıdır. Təbii ki, Rusiya Azərbaycanın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə onunla bağlı beynəlxalq məhkəmələrə nə vaxtsa müraciət olunacaq.Bizim istəyimiz ədalətin bərqərar olmasına nail olmaqdır”.

R.Zeyni qeyd etdi ki, bizim üçün Azərbaycanın dövlət və milli maraqları hər şeydən üstündür və bu baxımdan Rusiya da, Ermənistan da etdiyi qanunsuzluqların məsuliyyətini daşımalıdır: “Azərbaycan öz hüquqlarını, öz beynəlxalq haqlarını, milli maraqlarını qorumaq üçün istənilən beynəlxalq məhkəməyə müraciət edəcək. Bunun üçün kifayət qədər hüquqi əsaslar var. Hüquqi əsaslardan da irəli gələrək biz beynəlxalq müstəvidə, beynəlxalq məhkəmədə öz hüquqlarımızı qorumalıyıq”.

İradə SARIYEVA

Seçilən
23
19
baki-xeber.com

10Mənbələr