AZ

150 il: Zaman dəyişsə də milli mətbuatın missiyası dəyişməyib

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda milli mətbuatın təməli qoyuldu. Həsən bəy Zərdabinin maarifçi ideyaları ilə nəşr olunan bu qəzet cəmiyyətə yol göstərən bir fənər, azərbaycanlıların milli özünüdərk prosesində əvəzsiz tribuna oldu. “Əkinçi” yalnız bir qəzet deyildi – o, milli oyanışın səsi, təhsilin, maarifin və azad fikrin carçısı idi.

Bu gün həmin səs 150 ilin məsafəsindən bizə səslənir. Zaman dəyişsə də milli mətbuatın missiyası dəyişməyib: cəmiyyətə xidmət, həqiqəti çatdırmaq və mənəvi dəyərləri yaşatmaq. Azərbaycan milli mətbuatı 150 illik şanlı inkişaf yolu keçərək bu gün cəmiyyətin güclü tribunasına çevrilib. Bu inkişafın önəmli mərhələlərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Bununla əlaqədar “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis edilib və xüsusi sərəncam imzalanıb ki, bu da ölkəmizdə mətbuat tariximizə verilən yüksək qiymətin bariz nümunəsidir.

Bu tarixi irs əsasında Konstitusiyada təsbit olunan söz və mətbuat azadlığı ölkədə müstəqil medianın formalaşmasına şərait yaradıb. Medianın rolu yalnız informasiya ötürməkdən ibarət olmayıb, həm də ictimai nəzarət və şəffaflıq kimi demokratik dəyərlərin təminində mühüm vasitəyə çevrilib.

Eyni zamanda, müasir dövrdə internet jurnalistikası sürətlə genişlənməkdədir. Rəqəmsal platformalar və sosial şəbəkələr vasitəsilə Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinə uğurla inteqrasiya edir. Bu prosesdə jurnalistlər beynəlxalq təlim və proqramlarda iştirak edərək peşəkarlıqlarını artırır, yeni media mühitinə uyğunlaşırlar.

Beləliklə, bütün bu amillər Azərbaycan mətbuatının həm zəngin tarixi köklərə söykəndiyini, həm də müasir çağırışlara uğurla cavab verərək cəmiyyətin inkişafında mühüm rol oynadığını göstərir. Bu inkişafla yanaşı, Azərbaycanda kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu məqsədlə KİV-lərə birdəfəlik maliyyə yardımları göstərilir, jurnalistlərin sosial təminatı möhkəmləndirilir. Eyni zamanda, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlər fəxri adlarla təltif olunur ki, bu da dövlətin medianın inkişafına verdiyi önəmin bariz göstəricisidir. 2022-ci ildə edilən dəyişikliklər nəticəsində Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Bu sosial dəstək tədbirləri ilə yanaşı, media sektorunun iqtisadi əsaslarının möhkəmləndirilməsi məqsədilə vergi sahəsində də xüsusi güzəştlər tətbiq olunur. 2023-cü ildən başlayaraq media subyektlərinin media fəaliyyəti ilə bağlı əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və MEDİA Agentliyindən aldıqları maddi dəstək üç il müddətinə gəlir və sadələşdirilmiş vergilərdən azad edilib. Bundan başqa, milli media məhsullarının istehsalının təşviqi məqsədilə onların təqdimatı və media xidmətləri də üç il müddətinə əlavə dəyər vergisindən azad olunub. Bu addımlar media sektorunun iqtisadi dayaqlarını daha da möhkəmləndirmək üçün atılan mühüm addımlardır.

Bütün bunlarla yanaşı, “Jurnalistlərin dostu” mükafatları Azərbaycan rəhbərliyinin mətbuata açıq münasibətini və medianın inkişafına verdiyi yüksək dəyəri nümayiş etdirir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev mətbuat işçiləri ilə davamlı əlaqə saxlayaraq sahənin inkişafına böyük diqqət ayırıblar. Bu dəstəyin nəticəsi olaraq, hər iki lider müxtəlif illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

İnformasiya-kommunikasiya vasitələrinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların genişləndiyi müasir dövrdə milli informasiya resurslarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi qarşıya çıxır. Bu zərurət çərçivəsində son illər aparılan islahatlar media qanunvericiliyinin təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, peşəkarlığın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm irəliləyişlərə səbəb olmuşdur. Bu proseslər medianın həm daxili inkişafını təmin edir, həm də ölkəmizin informasiya məkanında nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

Belə şəraitdə Azərbaycan jurnalistləri vətənpərvərlik ruhu və yüksək milli şüurla fəaliyyət göstərərək, dövlət maraqlarını ön planda tutmalıdırlar. Qlobal səviyyədə saxta və yalan informasiyaların artdığı mürəkkəb informasiya mühitində peşəkarlıq və prinsipiallıqla vətəndaşların doğru məlumat almasını təmin etmək onların əsas vəzifəsinə çevrilir. Jurnalistika cəmiyyətin tərəqqisi üçün vacib vasitə olaraq daim səylə işləməlidir.

Eyni zamanda, azad mətbuatın inkişafı cəmiyyətdə demokratik münasibətlərin güclənməsi ilə sıx bağlıdır. Azad sözün plüralizm və şəffaflığın təmin olunmasında rolu böyükdür və Azərbaycan hakimiyyəti medianın inkişafına davamlı dəstək göstərir. Bu diqqət sayəsində ölkədə müasir standartlara cavab verən, inkişaf etmiş media mühiti formalaşıb.

Prezident İlham Əliyev isə söz və mətbuat azadlığını demokratiyanın əsas təməli sayır. O deyib: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur". Bu mövqeyin təsdiqi olaraq ölkəmizdə mətbuat sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Müharibə dövründə də Azərbaycan mediası vətənpərvərlik və həmrəylik nümunəsi göstərərək, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, düşmənin saxta məlumatlarının ifşasında fəal iştirak edib. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində mətbuat üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərək, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Postmüharibə dövründə də media dövlət rəhbərinin səsləndirdiyi həqiqətləri ölkə və beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynamaqdadır. Fədakar Azərbaycan jurnalistləri informasiya müharibəsində peşəkarlıq və vətənpərvərliklə fərqlənirlər. 44 günlük Vətən müharibəsində onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlikdə fəal iştirakçı kimi çalışıblar. Döyüşlərdə fərqlənən və medallarla təltif edilən jurnalistlərin olması isə sahəyə göstərilən yüksək etimadın göstəricisidir.

Bu peşəkarlıq və vətənpərvərlik ruhu, həmçinin Azərbaycan ilə Türkiyə arasında media sahəsində qurulan strateji əməkdaşlıqda öz əksini tapır. 2020-ci ilin dekabrında Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu ilə rəsmiləşən və 2021-ci ildə Milli Məclis tərəfindən təsdiqlənən bu əməkdaşlıq çərçivəsində iki ölkənin media qurumları arasında bilik, təcrübə və mənbə paylaşımı həyata keçirilir. Eyni zamanda, birgə platforma yaradılaraq dezinformasiyaya qarşı mübarizə, televiziya və kino sahəsində ortaq layihələr, peşəkar təhsil və təcrübə mübadiləsi təşviq edilir. Bu əməkdaşlıq həmçinin fikir öndərləri arasında əlaqələrin inkişafına və beynəlxalq səviyyədə düzgün məlumatlandırmanın təmin olunmasına xidmət edir.

2023-cü və 2024-cü illərdə Şuşada təşkil olunan Qlobal Media forumları Azərbaycanın media sahəsində beynəlxalq əhəmiyyətli dialoqu təşviq etdiyini və müasir çağırışlara adekvat cavab verdiyini nümayiş etdirdi. 2023-cü ildə keçirilən Forum “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunmuş, 2024-cü ildə isə “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusu müzakirə edilmişdir.

Bütün bu inkişaflar göstərir ki, bu gün Azərbaycan mediası ölkənin tərəqqisində və müasir cəmiyyətin qurulmasında aktiv rol oynayır, beynəlxalq əlaqələrini genişləndirir və qlobal informasiya məkanında öz mövqeyini gücləndirir. Lakin qloballaşan dünya, sürətlə dəyişən siyasi proseslər və yeni fəaliyyət prinsipləri medianın qarşısında yeni çağırışlar qoyur. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media fəallığının artırılması, rəqəmsallaşma, süni intellektdən istifadə, media savadlığının yüksəldilməsi, dezinformasiya ilə mübarizə və effektiv kommunikasiya medianın inkişafını və qlobal arenadakı yerini müəyyən edəcək əsas amillərdir.

Eyni zamanda, media müasir tendensiyaları izləyərək Azərbaycanın dövlət maraqlarını ön planda saxlamalı, ölkənin beynəlxalq münasibətlərdə mövqeyini və həyata keçirilən müsbət dəyişiklikləri ictimaiyyətə düzgün çatdırmaqda daha fəal rol oynamalıdır.

Nigar Orucova, "İki sahil"

phrase_var_article.chosen
37
50
ikisahil.az

10phrase_var_article.sources