Xəbər verdiyimiz kimi, Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Cəyli kəndində qeydə alınıb. Kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib, 2-si uşaq olmaqla 8 nəfər zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Kürdəmirdə məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA-nın regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır: “Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam edir”.