Böyük Britaniya və Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarələrinin satışını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Razılaşma Türkiyənin 40 ədəd bu tip qırıcı əldə etməsi üçün zəmin yaradır.
AzPost xəbər verir ki, sənədin imzalanması mərasimi İstanbulda keçirilib və hər iki ölkənin yüksək vəzifəli müdafiə rəsmiləri iştirak ediblər. Bu barədə ilkin məlumatı bazar ertəsi Dow Jones Newswires yayımlamışdı.
Qeyd edək ki, “Eurofighter Typhoon” təyyarələri Avropanın üç böyük müdafiə sənayesi şirkəti — BAE Systems, Airbus və Leonardo konsorsiumu tərəfindən istehsal olunur.
Döyüş təyyarələrinin satışı beynəlxalq müdafiə bazarının ən rəqabətli sahələrindən biri hesab olunur. Bu həm maliyyə baxımından böyük investisiyaları, həm də qabaqcıl texnologiyaların ixracı baxımından strateji prestiji əhatə edir.
Hazırda 40 ədəd təyyarə ilə bağlı sifarişin dəqiq dəyəri və çatdırılma tarixi açıqlanmayıb. Bununla belə, ekspertlər bu razılaşmanı çoxmilyardlıq bir müqavilənin başlanğıcı kimi dəyərləndirirlər.