AZ

Tailand Kambocaya aviazərbələr endirib və sərhədi bağlayıb

Bu gün səhər saatlarında Tailandla Kamboca sərhədində silahlı toqquşma baş verib…

Poliqon xəbər verir ki, Tailand ordusunun məlumatına görə, kambocalı hərbçilər atəş açıblar və nəticədə iki tailandlı əsgər yaralanıb. Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi isə bildirib ki, ölkəsinin hərbçiləri sadəcə özünümüdafiə məqsədilə cavab tədbirləri görüblər.

Tailand hakimiyyəti Kambocanın artilleriyadan da istifadə etdiyini iddia edir. Tailandın Surin vilayətinin Kabçeyng dairəsinin rəhbəri Suttirot Çaroenthanasak Reuters agentliyinə açıqlamasında bildirib ki, artilleriya mərmisi yaşayış evinə düşüb və nəticədə iki mülki şəxs həlak olub.

Hadisədən sonra Tailand ordusu F-16 döyüş təyyarələrini havaya qaldırıb. Tailand hərbçilərinin məlumatına əsasən, təyyarələrdən biri Kamboca ərazisində hərbi hədəfi məhv etmək üçün atəş açıb. Bununla yanaşı, ölkə Kamboca ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb.

Kamboca Müdafiə Nazirliyi Tailandın “düşünülməmiş və qəddar hərbi təcavüzünü” pisləyib. Nazirlik həmçinin Tailandın hava qüvvələrindən istifadə etdiyini təsdiqləyib.

Kambocanın sabiq baş naziri Hun Sen vətəndaşları sakitliyə çağırıb.

“Bütün kambocalılardan xahiş edirik ki, hökumətimizə və ön cəbhədə dayanan Silahlı Qüvvələrimizə güvənin. Hər kəsdən xahiş edirik ki, təmkinli olsun və gündəlik həyatına davam etsin”, deyə o, sosial şəbəkədə yazıb.

Poliqon.info

Seçilən
23
50
poliqon.info

10Mənbələr