İtaliyanın “Milan” klubunun braziliyalı sağ cinah müdafiəçisi Emerson Royal bundan sonra “Flamenqo”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Flamenqo”nun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Braziliya klubu bu transferi 9 milyon avroya rəsmiləşdirib.
Xatırladaq ki, “Milan” Emersonu 2024-cü ilin avqustunda İngiltərənin “Tottenhem” klubundan transfer etmişdi. Sözügedən klub braziliyalı oyunçunun keçidini 15 milyon avroya rəsmiləşdirmişdi. 25 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanmışdı. Emerson “Milan”ın heyətində bütövlükdə 26 oyun keçirsə də, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Emerson Royal “San Paulo” və “Ponte Preta” klublarının yetirməsidir. Ölkəsində “Atletiko Mineyro”nun da şərəfini qorumuş müdafiəçi, 2019-cu ilin yanvarında 12 milyon avro müqabilində “Barselona”ya keçib. Amma cəmi bir ay sonra Kataloniya klubu Emersonu 6 milyon avroya “Betis”ə satıb. 2021-ci ilin iyul ayında “Barselona” bu dəfə 14 milyon avro ödəməklə yenidən Emersonu sıralarına cəlb edib və yenə bir ay sonra “Tottenhem”ə satıb. Kataloniyalıların budəfəki qazancı isə 25 milyon avro olub.
Emerson Royal 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyuna çıxıb. O, millidə də məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
