ABŞ Prezidenti Donald Trampın (Donald Trump) "Federal Ehtiyat Sistemi" (FES) üzərindəki təsiri bu həftə keçiriləcək pul siyasəti iclasında da hiss olunacaq. Gözləntilərə əsasən, FES çərşənbə günü faiz dərəcələrini dəyişməz saxlayacaq.
Tramp və "Ağ ev"dəki digər yüksək vəzifəli rəsmilər aylarla FES sədri Cerom Pauelli (Jerome Powell) tənqid edərək, onun "gözləyək-görək" mövqeyini və prezidentin gömrük tariflərinin inflyasiyaya təsirini qiymətləndirmək üçün daha çox vaxta ehtiyac olduğu fikrini qınayıblar.
ABŞ Prezidenti ötən cümə axşamı FES-in 2,5 milyard dollarlıq əsaslı yenidənqurma layihəsi çərçivəsində qurumu ziyarət edərək Pauellə mətbuatın gözü qarşısında mübahisə edib və faizlərin endirilməsi tələbini bir daha dilə gətirib:
“Mən sadəcə bir şeyin baş verməsini istəyirəm, çox sadədir: faiz dərəcələri aşağı düşməlidir”, – deyə Tramp bildirib.
Trampla ziddiyyətə baxmayaraq, analitiklər "Federal Açıq Bazar Komitəsi"nin (FOMC) çərşənbə günü də faizləri dəyişməyəcəyini gözləyirlər. 2025-ci ildə ilk faiz endiriminin sentyabrın 17-də baş verəcəyi proqnozlaşdırılır.
Lakin Pauellin iki həmkarı Trampın qısamüddətli faiz endirimi çağırışına daha isti yanaşır və bu həftə qapalı iclaslarda fikir ayrılıqları gözlənilir. FES üzvlərindən Kristofer Voller (Christopher Waller) çərşənbə günü qərara qarşı açıq şəkildə etiraz edə biləcəyini bildirib. Onun fikrincə, Trampın tariflərinin səbəb olduğu inflyasiya müvəqqəti xarakter daşıyacaq və əmək bazarında tezliklə zəifləmə ola bilər.
Digər FES rəsmiləri isə Pauellin daha çox vaxta ehtiyac olduğu fikrini dəstəkləyir və əmək bazarının hələ də sabit olduğunu bildirirlər. Bu isə Trampın təzyiqlərinə cavab olaraq tədbir görmək zərurətini aradan qaldırır.
"Kanzas Siti FES"in keçmiş rəhbəri Ester Corc (Esther George) bildirib:
“Bu, sədrin nüfuzunu sarsıtmaq və ictimai dəstəyini zəiflətmək üçün bir kampaniyadır. Əsas məqsəd isə daha aşağı faiz mühitinin yaradılmasıdır.”
Çərşənbə günü keçiriləcək iclasdan sonra Pauell mətbuat konfransı ilə "Ağ ev"in artan təzyiqlərinə və 2,5 milyard dollarlıq tikinti layihəsi ilə bağlı suallara cavab vermək imkanı əldə edəcək.
Tramp son həftələrdə Pauelli vəzifəsindən uzaqlaşdırmağı düşünsə də, bu fikirdən geri çəkildiyini deyib:
“Onsuz da tezliklə gedəcək”, – deyə Pauellin 2026-cı ilin mayında başa çatacaq vəzifə müddətinə işarə edib.
Yeni gərginliklər
Buna baxmayaraq, "Ağ ev"in Pauellə təzyiqləri səngiməyəcək.
Maliyyə naziri Skott Bessent (Scott Bessent) FES-in 2,5 milyard dollarlıq layihəsinin və onun pul siyasəti xaricindəki fəaliyyətlərinin genişmiqyaslı daxili araşdırmadan keçməsini tələb edib. O bildirib ki, qurumun səlahiyyət sahəsi qeyri-qanuni şəkildə genişlənərək əsas vəzifəsi olan pul siyasətindən yayınma riski yaradır.
Eyni zamanda Trampa yaxın olan və hökumət səmərəliliyi üzrə müşavir kimi çalışmış bir sərmayə meneceri – "Azoria Capital" şirkəti – FES-in iclaslarını qapalı keçirməsinin 1976-cı il federal qanununun pozulması olduğunu əsas gətirərək Vaşinqton məhkəməsində iddia qaldırıb. Şirkət FOMC-yə bu həftə ictimaiyyət qarşısında toplanmağı məcbur edən müvəqqəti qadağa tələb etsə də, hakim bu tələbi rədd edib.
"Kapitoli" təmsilçiləri də FES üzərində nəzarətin artırılmasına çağırır. Pensilvaniya nümayəndəsi Den Müzər (Dan Meuser) Konqresin Maliyyə Xidmətləri Komitəsində altkomitə rəhbəri kimi FES-lə bağlı istintaqa başlamağa hazırlaşır. Florida nümayəndəsi Anna Paulina Luna isə Pauellin iyun ayında tikinti layihəsi barədə verdiyi ifadəyə görə ona qarşı yalan ifadəyə görə cinayət işi açılması üçün Ədliyyə Nazirliyinə müraciət edib.
"Nümayəndələr Palatası"nın spikeri Mayk Conson (Mike Johnson) isə "Bloomberg"ə verdiyi müsahibədə Pauellə bağlı narazılığını ifadə edərək, FES-in yaradıldığı 1913-cü il qanununun dəyişdirilməsinə də açıq olduğunu bildirib. Lakin bu dəyişiklik yaxın müddətdə gözlənilmir, çünki Palata artıq yay tətillərinə başlayıb.
Pauell isə bildirib ki, müddəti bitənə qədər vəzifəsini tərk etmək niyyətində deyil və onun vəzifədən uzaqlaşdırılması "qanuna ziddir". O, Senatda 25 iyun tarixində verdiyi ifadədə tikinti layihəsi ilə bağlı şəffaf və dürüst olduğunu deyib.
17 iyul tarixində "Ağ ev"in büdcə direktoru Rass Vouta (Russ Vought) ünvanladığı məktubda Pauell yazıb:
“Biz ictimai vəsaitlərdən məsuliyyətlə istifadə etməyin vacibliyini anlayırıq” – deyə layihədəki xərclərlə bağlı narahatlıqlara cavab verib.
"Bu, zərər verir"
Tramp və tərəfdarları Pauellə qarşı hücumlarını yalnız tikinti layihəsi ilə məhdudlaşdırmayıb. Onlar faizlərin üç faiz bəndinə qədər endirilməsini tələb edirlər. Səbəb kimi isə ABŞ-ın borc xərclərində qənaət və ipoteka kreditlərinin daha əlçatan olacağı göstərilir.
Tramp hətta faizlərin dəyişməməsinə görə təkcə Pauelli deyil, bütün FES rəhbərlərini məsuliyyətə cəlb edir:
“Şura hərəkətə keçməlidir, lakin bunu etmək üçün cəsarətləri yoxdur!” – deyə Tramp öz sosial platformasında yazıb.
"StoneX" şirkətindən baş məsləhətçi Con Hilsenrat (Jon Hilsenrath) bildirib ki, Trampın hücumlarının gələcəkdə regionlardakı FES rəhbərlərinə də yönələcəyi gözlənilir. Həmin rəhbərlər rotasiya ilə FOMC üzvü olurlar və prezident tərəfindən deyil, bölgə bankları tərəfindən seçilirlər.
Çikaqo FES rəhbəri Austan Qulsbi (Austan Goolsbee) 18 iyulda "Yahoo Finance"ə verdiyi müsahibədə Pauelli “tamamilə şərəfli bir şəxs” adlandıraraq onun müstəqilliyini müdafiə edib:
“İnsanların mərkəzi bankın müstəqilliyinin olub-olmamasını müzakirə etməsi məni kədərləndirir. Belə müzakirələrdən yaxşı heç nə çıxmaz”, – deyə o bildirib.
Ester Corc isə deyib:
“Bu cür təzyiqlər zərərlidir. İctimaiyyətdə şübhə yaratmaq və institutlara inamı sarsıtmaq FES-in etibarını zədələyir. Hazırda FES-in müstəqilliyə ehtiyacı var. Aşağı faizlər federal hökumətə kömək edə bilər, lakin biz bu yolla gedən ölkələrin aqibətini və bu yolun uzunmüddətli nəticələrini yaxşı bilirik.”
Tramp isə ötən cümə günü FES-in yenidənqurma layihəsini gəzərkən Pauellin nəhayət onunla razılaşacağına əmin olduğunu bildirib:
“Düşünürəm ki, o düzgün qərar verəcək. Hər kəs düzgün olanın nə olduğunu bilir.”
Açar sözlər: Tramp, Federal Ehtiyat Sistemi, Cerom Pauell, ABŞ faiz dərəcələri, FOMC iclası, inflyasiya, ABŞ iqtisadiyyatı, FES layihəsi, faiz siyasəti, ABŞ siyasəti
Aydın