AZ

Şəhid övladları üçün “YAŞAT” yay məktəbi Londonda davam edir - FOTOLAR

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər.

Proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. Şagirdlər dünyanın ən məşhur meydanlarından biri olan Trafalgar meydanında, Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri olan Britaniya muzeyində və “Chinatown”da olublar. Monarxiyanın simvolu sayılan Bukinqem sarayı, Hayd-park, Qrinviç parkı ve Qrinviç meridianına ziyarət də iştirakçıların xüsusi marağına səbəb olub.

“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

Seçilən
47
9
sia.az

10Mənbələr