AZ

Afrika ilə Azərbaycan arasında əməkdaşlıq genişlənir: Qazancımız nə olacaq?

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb. Tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində Nazirlərin Yüksəksəviyyəli Toplantısında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub.

Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Marqarita pizza

Bəs Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığı gücləndirmək Azərbaycana iqtisadi baxımından hansı perspektivlər vəd edir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Afrikanın ərzaq və aqrar məhsullar bazarı kifayət qədər böyükdür:

"Afrika İnkişaf Bankının məlumatına görə, hazırda qitənin ərzaq və kənd təsərrüfat məhsulları bazarı 280 milyard dollardır və bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollara qədər yüksələcəyi gözlənilir. Bu baxımdan, sözügedən qitədə yerləşən ölkələr ilə əməkdaşlıq, həm də Azərbaycan üçün praktiki olaraq aqrar məhsulları yeni bazarlara ixrac etmək baxımından vacibdir".

"Ümumiyyətlə, Azərbaycanın aqrar məhsullarının ixracatının şaxələndirilməsi çox vacibdir. Çünki ölkəmizin ümumi qeyri-neft məhsulları ixracatının yarıdan çoxu iki ölkənin - Türkiyə və Rusiyanın payına düşür", - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, körfəz ölkələri və Avropa İttifaqı bu kontekstdə vacib destinasiyalardır:

"Amma eyni zamanda, Afrikanın artan istehlakı da bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Eyni zamanda, həm də qarşılıqlı sərmayə qoyuluşları baxımından vacib əməkdaşlıq ola bilər. Çünki nəticə etibarilə bazarın böyüməsi və eyni zamanda, aqrar məhsulların istehsalı üçün Afrikada yerləşən bir sıra ölkələrdə daha geniş təbii imkanların olması Azərbaycan şirkətləri üçün sərmayə qoyuluşu baxımından cəlbedici ola bilər. Ona görə də Afrika ölkələri ilə əməkdaşlıq birmənalı şəkildə Azərbaycan üçün həm aqrar ixrac bazarlarının diversifikasiyasını şaxələndirməsi, həm də yeni sərmayə qoyuluşları baxımından əsaslı imkan yarada bilər".

Məsələnin digər tərəfi isə turizm sahəsi ilə bağlıdır. Belə ki, bu ilin yanvar-iyun aylarında Afrika ölkələrindən Azərbaycana 7.8 mindən çox vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.

Turizm eksperti Ceyhun Aşurov Oxu.Az-a açıqlamasında deyib ki, son dövrlər Afrika ölkələri ilə əlaqələrin genişlənməsi, elektron viza alınması imkanları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda birlikdə layihələrin həyata keçirilməsi Afrika ölkələri ilə Azərbaycan arasında münasibətləri daha da yaxınlaşdırıb:

"Ölkələr arasında gediş-gəlişin rahat olması üçün istər Türkiyə, istər Birləşmiş Ərəb Əmirlikləri, istərsə də digər ölkələr üzərindən tranzit uçuşlar həyata keçirilir. Eləcə də vizanın asanlaşdırılması, ticari, mədəni, tarixi, dini əlaqələrin genişlənməsi Afrikadan ölkəmizə gələn turistlərin sayını artırıb".

"Xüsusən də Əlcəzair, Sudan, Mərakeş və digər islam dininə mənsub ölkələrin Azərbaycanla əlaqələrinin yaxşı olması, dövlətimizin də tolerant mövqeyi ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi mühitin yaxınlaşmasında öz müsbət rolunu göstərməkdədir", - deyə ekspert fikrini yekunlaşdırıb.


Telegram kanalımız
Seçilən
22
50
yenisabah.az

10Mənbələr