AZ

Rusiya strateji şəhəri ələ keçirməyə can atır – Cəbhədə son vəziyyət

Rusiya ordusu Donbasın qapısı sayılan Pokrovsk şəhərini mühasirəyə almaq üçün intensiv hücumlarını davam etdirir.

Son bir neçə ay ərzində şəhərin cənub və şərqindəki bir sıra kəndləri ələ keçirən Rusiya qüvvələri hazırda 100 mindən çox hərbçi ilə strateji bölgədə irəliləməyə çalışır. Ukraynanın hərbi komandanlığı isə bildirir ki, ağır artilleriya, bomba və dron hücumlarına baxmayaraq, şəhərin müdafiəsi davam etdirilir.

Pokrovsk niyə vacibdir?

Donetsk vilayətində yerləşən Pokrovsk əvvəllər təxminən 60 min əhalisi olan dəmir yolu və avtomobil nəqliyyatı qovşağıdır. Hazırda burada cəmi 1.500-ə yaxın sakin qalıb, əksəriyyəti yaşlı və xəstə şəxslərdir. Uşaqlar isə artıq evakuasiya edilib.

Şəhər Ukrayna ordusu üçün Çasov yar və Kostiantinivka kimi döyüşlərin getdiyi digər məntəqələrə təchizat yollarının üzərində yerləşir. Buradan cəmi 10 kilometr aralıda isə Ukraynanın yeganə koks kömürü mədənləri var, bu da ölkənin polad sənayesinin əsas xammal mənbəyidir.

Rusiya Pokrovsku ələ keçirsə nə dəyişəcək?

Kreml Pokrovsku “Donetskin qapısı” adlandırır. Əgər Rusiya şəhəri tam ələ keçirsə, bu ona Kramatorsk və Sloviansk kimi Ukraynanın Donetskdə nəzarətində qalan iri şəhərlərinə hücum üçün yeni mövqe qazandıracaq. Eyni zamanda, cəbhənin bu istiqamətində Ukraynanın təchizat xətlərini kəsmək və Çasov Yarın yüksək mövqelərinə nəzarət etmək imkanı əldə edəcək.

Bundan əlavə, Pokrovskun ələ keçirilməsi Rusiya qüvvələrinə qərbdə yerləşən Dnipropetrovsk vilayətinə doğru da hücum istiqaməti açır.

Ukrayna şəhəri necə qoruyur?

Modern.az-ın məlumatına görə, Ukraynanın Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bu ilin mayında bəyan edib ki, Rusiya ordusunun Pokrovsk istiqamətində irəliləyişi dayandırılıb və bəzi ərazilərdə geri çəkilməyə məcbur edilib. Ukrayna müdafiəçiləri daha çox kiçik döyüş qrupları ilə manevr üstünlüyü əldə etməyə çalışır.

Prezident Zelenski isə bu istiqamətdə orduda yüksək səviyyəli komanda dəyişiklikləri həyata keçirib.

Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Dobryak bildirib ki, evakuasiya avtomobilləri artıq bir çox əraziyə daxil ola bilmir və sakinlər yalnız piyada çıxış edə bilirlər. Ərzaq çatdırılması çətinləşib, yaxın günlərdə isə mağazaların tamamilə bağlanacağı gözlənilir.

Əsas giriş yollarından biri olan ukraynalıların “həyat yolu” adlandırdığı yol dron hücumlarından qorunmaq üçün anti-dron torları ilə örtülüb.

Reuters agentliyinin may ayında yaydığı videokadrlar şəhərin vəziyyətini göz önünə sərir: viran qalmış binalar, küçələrə səpələnmiş dağıntılar, tək-tük velosiped sürən sakinlər, hər yerdə mərmi izləri və susuz, işıqsız, qazsız bir şəhər. Amma hələ də Pokrovskun üzərində Ukrayna bayrağı dalğalanır.

Pokrovsk uğrunda döyüşlər təkcə hərbi deyil, həm də simvolik və iqtisadi əhəmiyyət daşıyır. Bu şəhərin taleyi Donetsk cəbhəsində növbəti mərhələnin istiqamətini müəyyən edə bilər.

Elnur Əmirov

Seçilən
100
32
modern.az

10Mənbələr