AZ

İranın gündəmini zəbt edən hərəkat: Azərbaycan qarşı istifadə edirlər

1945-ci ildə İran Azərbaycanında milli hökumət elan edilməsinin 78-ci ildönümü Azərbaycanda gündəm olmasa da, İran nəşrləri mövzuya geniş yer ayırıblar.

Kavə Bayat adlı müəllif yazır ki, Azərbaycan Demokrat Firqəsi hansısa formada yerli muxtariyyət istəyirdi və Sovet İttifaqından dəstək alırdı. Sovet İttifaqının dəstəyinin səbəbi neft konsessiyası əldə etmək üçün təzyiq yaratmaq idi. Bununla yanaşı etiraf edir ki, Sovet İttifaqı ilə ümumi sərhədə görə azərbaycanlıların sosialist ideyaları ilə tanışlığı, Rza şah dövründəki milli zülm, yoxsulluq, kəndlilərin feodallarla mübarizəsi kimi amillər Demokratik Firqənin yaranması üçün əsas olub.

“Hamyaar.ir” nəşri iddia edir ki, Azərbaycan SSR Xalq daxili işlər komissarının müavini Ağasəlim Atakişiyev Pişəvəri hərəkatında xüsusi rol oynayıb. Yazıda onun guya Pişəvərini istefaya məcbur etmək üçün işlətdiyi fikir yer alır: “Səni gətirən, sənə deyir, get”.

Mühacir iranlı jurnalist Amir Taheri mövzunu “İndependent”in fars xidmətində araşdırıb. O, daha çox Rza Şahın sevimlisi olmuş Nəcəfqulu Püsyanın “Ölüm də var idi, qayıdış da” kitabına istinad edir. Xatırladaq ki, N.Püsyan 1971-76-cı illərdə İran parlamentinin Muğandan deputatı olub, fransız və ingilis dillərinə bələd olduğu üçün bir sıra qəzetlərin, o cümlədən “Sobh Mozor”, “Monthly Information”, “Iran Novin” kimi qəzetlərin tərcüməçisi və redaktoru olmuşdu. Uzun müddət İqtisadiyyat, meliorasiya, enerji, şəhərsalma nazirliklərində işləmiş, Pəhləvidən çoxlu mükafatlar almışdı. Əsərləri: “Ölüm var idi, dönüş də”, “Araz sahillərindən qanlı Mahabada”, Nürnberq məhkəmələrinin tərcüməsi.

Taheri yazır ki, sovet hökumətinin son illərində Bakıda olub, Demokrat Firqəsinin sağ qalmış bəzi üzvləri ilə görüşüb, onların guya peşmanlıqlarına şahid olub. Daha sonra Bakı haqda iki kitab yazmış Naser Həmrəngin fikirlərinə yer verir. N.Həmrəng iddia edir ki, Pişəvəri ömrünün sonuna yaxın Demokrat Firqəsinin sağ qalan üzvlərini toplayaraq İrana keçmək istəyirmiş: “O, əcnəbilər tərəfindən oynadılmaqdansa, burada öz həmvətənləri tərəfindən işgəncəyə məruz qalmağı və ya öldürülməyi üstün tuturdu”.

Daha sonra bundan da böyük yalanlar uydurulur. Guya sovet Azərbaycanında “İran sivilizasiyası Rusiyanın təklif etdiyi sovet modeli ilə rəqabət” aparırmış və Azərbaycanda 400 farsdilli məktəb varmış (Ola bilsin ki, müəllif fars dilinin xarici dil kimi tədris edildiyi orta məktəblərin sayını farsdilli məktəblər kimi təqdim edir. Amma o say da bu qədər deyildi-C.Q).. Erkən gəncliyi sovet dövründə keçən şəxs kimi absurdluğuna heyrət etməli olduğum digər iddiaya görə isə Gəncə, Lənkəran, Bakı və Şamaxının iaşə obyektlərində Şahbanu Fərəhin, Fətəlişah Qacarın portretləri asılırmış.

Həmrəng iddia edir ki, Azərbaycan Respublikası öz irani kimliyindən imtina edərək türk millətçilərinin köməyilə panturanizmə meyl edir, hətta Azərbaycan Respublikasını Turan respublikası adlandırmaq istəyirlər (Təbii ki, belə bir fakt yoxdur-C.Q). Belə qənaət hasil edir ki, Sovet İttifaqı dağılan zaman İran dini fanatizm yox, irani kimliyi təbliğ etsəydi, bu gün “Turan (yəni Azərbaycan-C.Q) İrana qarşı çıxmazdı”

“21 Azər regionun irani kimliyi haqda düşünmək üçün yaxşı fürsətdir. Əgər Araz çayının hər iki sahilindəki hazırkı liderlərin bu əlaqələri formalaşdırmaq iradəsi və müdrikliyi olmasa, onların davamçıları, şübhəsiz ki, fərqli siyasət yürütməyə məcbur olacaqlar”- deyə mühacir iranlı Qərbin guya İran rejimi əleyhinə dəstəklədiyi “İndepedentpersian”-da Cənubi azərbaycanlıların istiqlal savaşının simvolu olan 21 Azəri ölkəmizin müstəqilliyini təhdid etmək üçün fürsət kimi yararlanmağa çalışır.

“Khabarfoori” nəşri isə Pişəvərinin tərcümeyi-halında ziddiyyətlər axtarır, onun “Açıq söz” qəzetində, Ədalət Partiyasında , Mirzə Kiçik xanın Gilan Respublikasında oynadığı roldan bəhs edir. Solçu dünyagörüşündən irəli gələn beynəlmiləlçi fikirlərini götürüb onu türkçülüyə, panazərizmə (bütöv Azərbaycan ideyasına) düşmən kimi göstərmək istəyir.

Seçilən
809
1
publika.az

10Mənbələr