AZ

Emmanuel Makronun diplomatik riski: xarici siyasətdə uğurla daxili sabitliyi yaratmaq TƏHLİL

Paris, 1 avqust, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun BMT-nin Baş Assambleyasında sentyabr ayında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan etməsi ilk baxışda riskli bir addım kimi görünürdü. Bu təşəbbüs həm beynəlxalq arenada Fransanın təsirini artırmaq, həm də daxildə yaranan sosial və siyasi gərginlikləri yumşaltmaq üçün Makronun atdığı strateji bir addım kimi qiymətləndirilir.

E.Makronun bu addımı ABŞ Prezidenti Donald Tramp tərəfindən dərhal tənqid olunmuşdu. Tramp “Bu bəyanat heç nəyi dəyişməyəcək” deyə reaksiya vermişdi. Ancaq Böyük Britaniya tərəfindən əhəmiyyətli bir siyasi jest gəldi. Baş nazir Keir Starmer iyulun 29-da etdiyi çıxışda Böyük Britaniyanın da sentyabr ayında Fələstin dövlətini tanıya biləcəyini bildirdi. Bu, Makron üçün mühüm diplomatik qələbədir. Çünki iyulun əvvəlində Londona dövlət səfəri zamanı o, bu mövzuda Starmerdən istədiyi dəstəyi ala bilməmişdi.

Nyu-Yorkda keçirilən və Səudiyyə Ərəbistanı ilə birlikdə təşkil olunan nazirlər konfransı da Fransanın mövqeyini gücləndirmək xarakteri daşıyır. Tədbirdə 15 Qərb ölkəsi Fələstin dövlətinin tanınması üçün çağırış edib. Eyni zamanda, bir neçə ərəb dövləti HƏMAS-a silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyi tövsiyə edib. Bu isə İsrailin təhlükəsizliyi üçün vacib bir ilkin şərt sayılır və iki dövlətli həll yolunda irəliləyişə təkan verə bilər.

Makronun siyasi məqsədləri xarici uğurla daxili sabitliyi yaratmaqdır. Əslində, Makron bu təşəbbüs ilə təkcə beynəlxalq nüfuzunu artırmaq deyil, eyni zamanda, daxildə artan sosial narazılıqlar, iqtisadi çətinliklər və siyasi parçalanma fonunda gündəmi dəyişmək və mövqeyini möhkəmləndirmək istəyir. Xarici siyasətdə əldə edilən uğurlar onun daxildəki siyasi reytinqinə də müsbət təsir göstərə bilər. Həmçinin Fransa lideri beynəlxalq səhnədə aktiv qalmaqla ABŞ və digər güclərlə diplomatik çəkisini qorumağa çalışır. Lakin bu strategiyanın nəticə verməsi üçün yalnız xarici siyasətdə diplomatik jestlər yetərli deyil. Siyasi və praktik nəticələr də tələb olunur. Bu təşəbbüsün siyasi uğura çevrilməsi üçün beynəlxalq dəstəyin genişlənməsi, eləcə də bölgədə real dəyişikliklərin baş verməsi vacibdir. Əks halda, bu cəhd yalnız Fransa xarici siyasətində qısamüddətli bir manevr olaraq tarixə düşəcək. Lakin bir çox müşahidəçilər bu mərhələni yalnız "diplomatik bir qələbə" kimi qiymətləndirir və bunun hələ "siyasi uğurdan uzaq" olduğunu bildirirlər.

Makron üçün növbəti kritik mərhələ sentyabr ayında keçiriləcək BMT-nin Baş Assambleyasıdır. Əgər o, bu tarixə qədər digər Avropa dövlətlərini də eyni mövqeyə cəlb edə bilsə, bu, onun üçün həm diplomatik, həm də siyasi baxımdan böyük uğur olacaq. Bu, eyni zamanda, Fransa üçün Orta Şərqdə daha təsirli vasitəçi mövqeyi əldə etmək şansı yarada bilər.

Seçilən
26
2
azertag.az

3Mənbələr