AZ

Ana dilimiz qürur mənbəyimizdir » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


Hər bir xalqın ən böyük və mənəvi dəyərlərindən biri onun dilidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyini, mədəniyyətini və tarixini qoruyan bir amildir. Eyni zamanda dil xalqın düşüncə tərzini, adət-ənənələrini və dünyagörüşünü ifadə edən əsas milli faktordur.
UNESKO-nun məlumatına görə dünyada təxminən 6000-dən çox danışıq dili mövcuddur. Onların arasında Azərbaycan dilinin xüsusi yeri var. Azərbaycan dili zəngin danışıq və ifadə imkanları, özünəməxsus ahəngdarlığı və qrammatik cəhətləri ilə fərqlənir. Ana dilimiz tarix boyu xalqımızın yüksəlişində və milli həmrəyliyinin təmin olunmasında əsas mənəvi amillərdən biri kimi özünü göstərmişdir. Şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimiz bu dildə yazıb-yaratmış, dünyanın ədəbiyyat xəzinəsinə sevilən əsərlər daxil etmişlər.
Sovet hakimiyyəti dövründə həyata keçirilən beynəlmiləlçilik siyasəti həm də xalqların milli dəyərlərinə, o cümlədən onların dillərinə qarşı yönəlmişdi. Birbaşa bəyan olunmasa da, xalqların öz dillərinin sıxışdırıldığı aydın idi. Hətta ötən əsrin 30-ci illərində dil məsələsini qabardanlar sürgün olunur, antisovet fəaliyyəti adı altında həbs edilirdilər.
Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərliyi illərində Azərbaycanda ana dilinin qorunması, tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı cəsarətli təşəbbüslər və təkliflər irəli sürüldü. Təsadüfi deyil ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başladıqdan sonra tədbirlərdə, müşavirələrdə ana dilimizdə çıxışlar etmişdir. Ulu Öndərin 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi ittifaq miqyasında böyük əks-səda doğurmuşdu.
Ötən əsrin 70-ci illərində SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Məhz belə bir şəraitdə Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması üçün qətiyyətli mövqe ortaya qoymuşdur. Belə ki, 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında çıxış edən Ulu Öndər Heydər Əliyev tərəfindən 73-cü maddənin «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir» redaksiyasında verilməsi təklif olunmuşdur.
Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ilin aprel ayında qəbul olunan Azərbaycanın yeni Konstitusiyasında Azərbaycan dili respublikamızın dövlət dili kimi təsbit edilmişdir. Bu mənada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin sovet dövründə xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biridir. Heydər Əliyev bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Azərbaycan ictimaiyyəti 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən də Ümummilli Lider Heydər Əliyevin ana dili məsələsinə necə böyük həssaslıqla yanaşdığına şahidlik etdi. Məlum olduğu kimi həmin vaxt dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində dilimizin Azərbaycan dili adlandırılması təklifi dəstəklənirdi. Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında aparılan müzakirələrdə Heydər Əliyev dövlət dilinin adı barədə öz qəti fikrini belə bildirmişdi:
“Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.
Müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycanın Konstitusiyanın 21-ci maddəsində respublikamızın dövlət dilinin Azərbaycan dili olması təsbit edildi.
Ümumiyyətlə, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə ana dilimizin inkişafı və qorunması işinə böyük diqqətlə yanaşmışdır. Bu baxımdan Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı qeyd edə bilərik. Bu fərmandan sonra Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılmış, Milli Məclis tərəfindən «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanun qəbul edilmiş, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və ana dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində tədbirlər həyata keçirilmiş, ölkədə çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsi təmin olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən isə latın qrafikalı Azərbaycan əlifbasını keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin respublikamızın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, hər il avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ulu Öndərin ana dilimizin qorunması və respublikamızda dilçiliyin inkişafı sahəsində başlatdığı işlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlərin və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, respublikamızda dilçiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb etmişdir. Cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” isə milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunmasında mühüm rol oynayır.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dil mövzusunun daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.
Göründüyü kimi müstəqilliyimizin və milli həmrəyliyimizin rəmzlərindən biri olan ana dilimizlə bağlı məsələlər hər zaman diqqət mərkəzindədir. Dünyanın ən gözəl və mükəmməl dillərindən olan doğma dilimiz xalqımızın milli və mənəvi sərvəti, hər birimizin qürur mənbəyidir.




Seçilən
34
8
azadmedia.az

9Mənbələr