AZ

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb.

Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub. 1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Qeyd edək ki, kino günü ilə əlaqədar olaraq ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu gün Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək.

Saat 14:00-dan etibarən Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Qulu Əsgərovun “Hasar”, Rüstəm Babazadənin “Son payız”, Teymur Qəmbərovun “İki gün”, Elşən Zeynallının “Müharibənin gözləri” və Murad Muradovun “Danışır və göstərir Şuşa” filmləri göstəriləcək.

Həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək.

Bizim.Media

Seçilən
14
8
bizim.media

3Mənbələr