AZ

Azərbaycan Kinosu Günü silsilə tədbirlərlə qeyd olunacaq

Azərbaycan Kinosu Günü silsilə tədbirlərlə qeyd olunacaq.

Bu barədə Moderator.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər il bu gün Nazirliyin təşkil etdiyi müxtəlif tədbir, təqdimat və film nümayişləri ilə yadda qalır, bu il də Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.

"Avqust 1-i saat 20:00-da Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” (2019) tammetrajlı bədii filmi nümayiş olunacaq. Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq.

Avqustun 2-də Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək. Saat 14:00-dan etibarən Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Qulu Əsgərovun “Hasar”, Rüstəm Babazadənin “Son payız”, Teymur Qəmbərovun “İki gün”, Elşən Zeynallının “Müharibənin gözləri” və Murad Muradovun “Danışır və göstərir Şuşa” filmləri göstəriləcək.

Həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan kinosunun inkişafına və təbliğinə töhfə vermiş kino işçiləri təltif olunacaq".

Məlumata əsasən, tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən “Oriondan sevgilərlə” (rejissor Rafiq Hacıyev), “Düşmüş mələk” (Elmar Fərzəli) və “Torpağı sanı yaşayasan” (Samir Kərimoğlu) qısametrajlı bədii filmlərinin premyerası baş tutacaq.

Avqustun 2-də saat 20:00-da isə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə açıq havada “Əhməd haradadır?” (rejissor Adil İsgəndərov, 1963) bədii filmi nümayiş olunacaq.

Seçilən
84
8
moderator.az

10Mənbələr