AZ

Azərbaycan Kinosu Günü silsilə tədbirlərlə qeyd olunacaq


Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 127-ci ildönümü tamam olur. Bu gün kino işçilərinin peşə bayramı kimi təqvimimizə yazılıb. Əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı Sərəncama əsasən, 2 avqust "Azərbaycan Kinosu Günü" elan edilib. Hər il kinomuzun bayramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbir, təqdimat və film nümayişləri ilə yadda qalır. Bu il də Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək. Avqust 1-i saat 20:00-da Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Əli-Səttar Quliyevin "Əlvida, Şmitd!" (2019) tammetrajlı bədii filmi nümayiş olunacaq. Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq. Avqustun 2-də Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək. Saat 14:00-dan etibarən Azər Quliyevin "İkinci planetin qırmızı rəngi", Qulu Əsgərovun "Hasar", Rüstəm Babazadənin "Son payız", Teymur Qəmbərovun "İki gün", Elşən Zeynallının "Müharibənin gözləri" və Murad Muradovun "Danışır və göstərir Şuşa" filmləri göstəriləcək. Həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək. Tədbir çərçivəsində Azərbaycan kinosunun inkişafına və təbliğinə töhfə vermiş kino işçiləri təltif olunacaq. Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən "Oriondan sevgilərlə" (rejissor Rafiq Hacıyev), "Düşmüş mələk" (Elmar Fərzəli) və "Torpağı sanı yaşayasan" (Samir Kərimoğlu) qısametrajlı bədii filmlərinin premyerası olacaq. Avqustun 2-də saat 20:00-da isə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə açıq havada "Əhməd haradadır?" (rejissor Adil İsgəndərov, 1963) bədii filmi nümayiş olunacaq.

Seçilən
82
8
baki-xeber.com

10Mənbələr