BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Xankəndidə rus sülhməramlıların qoyduğu erməni əsilli Rusiya rəssamı İvan Ayvazovskinin abidəsi götürülüb.
Bakı bildirib ki, rus sülhməramlıların bu abidəni qoyması Azərbaycanın suverenliyinə "Rusiyanın hörmətsizliyi" idi.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, Youtube kanalımızda baxın
Çar Rusiyası dövründə yaşamış, əsl adı Hovannes Ayvazyan olan rəssam çəkdiyi təbiət, o cümlədən dəniz mənzərəli əsərləri ilə məşhur olub.
İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Qarabağda məskunlaşmış rus sülhməramlılar 2021-ci ildə Xankəndidə rəssamın heykəlini qoymuşdular.
Erməni və rus mediası həmin vaxt abidənin "Rus Şöhrəti Xiyabanı" layihəsi çərçivəsində qoyulduğunu yazıb.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib ki, Bakı abidəni götürmək istəməsi ilə bağlı Moskvanı xəbərdar etsəydi, ola bilsin ki, heykəl Rusiya ərasizinə köçürülərdi və məsələ sivil yolla həll olunardı.
Putinin xüsusi nümayəndəsi bunu "Rusiyaya münasibətdə qeyri-dost addımın nümayişi" adlandırıb.
"Ən kədərlisi odur ki, mən sağlam düşünməyə, "abidələrə qarşı müharibəyə" və rus mədəniyyətinin "ləğvinə" son qoymağa çağırmalıyam", - Mixali Şvıdkov deyib.
Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin isə heykəlin sökülməsini "dövlət vandalizminin nümunəsi" adlandırıb.
Azərbaycan bu ittihamları qəbul etmir. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, abidənin Azərbaycanın icazəsi olmadan onun torpaqlarında quraşdırılması qanunsuz olub.
Ayxan Hacızadə Azəraycanda rus mədəniyyətinin ləğv edildiyi iddiasını "yalan" adlandırıb.
O deyib ki, Azərbaycanda "rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar" mövcud deyil.
"Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin "ləğv edilməsi" iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur", - Ayxan Hacızadə deyib.
Bakı rəssamın büstünü nə edəcək? Mədəniyyət Nazirliyi BBC-nin bu sualına cavab verməyib.
Bakı və Moskva arasında münasibətlər AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra gərginləşib.