AZ

“VAR ın yoxluğu “Araz Naxçıvan”ın işinə yaradı”

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu həftə Azərbaycan futbolunda bayram idi. Avrokuboklarda çıxış edən dörd klubumuzdan üçü növbəti mərhələyə adladı. Bəs təmsilçilərimizin oyunlarının idarəçiliyi necə idi? Sabiq referi Ağahüseyn Əzizov bu haqda “Futbol+”ə danışdı.Qarabağ – Şelburn, ANDREA KOLOMBO "Qarabağ"ın cavab matçı ərəfəsində 3 top öndə olması italiyalı Andrea Kolombonun başçılıq etdiyi briqadanın işini müəyyən qədər asanlaşdırmış, bu da onların meydana psixoloji cəhətdən rahat çıxmasına şərait yaratmışdı. Birinci hissədə meydanda başverənlər hakimlərə çətinlik törətmədi. Qərarlar oyunun ruhuna uyğun idi. 12-ci dəqiqədə Bəhlulun hava topu uğrunda mübarizədə dirsəyindən istifadə etməsi şifahi xəbərdarlıqla nəticələndi. Hərçənd sarı vərəqə də göstərilə bilərdi. Hakim oyunun əvvəli olduğuna və vəziyyəti dramatikləşdirmək istəmədiyinə görə sərt qərar vermədi. 15-ci dəqiqədə kapitan Koylun "Qarabağ"ın perspektivli hücumunun qarşısını alması epizodunda da referi əlini cibinə atmadı. Halbuki qayda pozuntusu bir qədər irəlidə baş versəydi, inzibati sanksiya tətbiq edə bilərdi. İkinci hissədə də hakimlərin qərarları səliqəli idi. Belə ki, 67-ci dəqiqədə rəqibin müdafiəçisi Leduic cərimə meydançasında aşkar əllə oynamışdı. Penalti qərarı şəksiz idi. Oyunun sonlarında "Şelburn"un ardıcıl 3 sarı vərəqəsi də layiqli idi. Əsas vaxta 3 dəqiqə artırılması da hesaba görə idi. Hərçənd minimum 5 dəqiqə artıra bilərdi. Çünki altısı iki dəfəyə olmaqla 10 əvəzetmə və bir neçə dəfə dayanmalar olmuşdu. “Böyük beşlik” ölkəsini təmsil edən hakimlər üçün bu səviyyəli oyun problem yaratmamalı idi və yaratmadı da.Sabah – Petrokub, DANİLO NİKOLİÇDanilo Nikoliçin başçılıq etdiyi serbiyalı hakimlər briqadasının işi o qədər çətin alınmadı. Oyun xarakter etibarı ilə ağır deyildi. Birinci hissədən sonra cütün taleyinə böyük ölçüdə aydınlıq gəldiyindən intriqa aradan qalxdı və idarəçilik xeyli asanlaşdı. Çünki oyunda komandalar arasında tarazlıq nə qədər yüksək olursa, hakimlər bir o qədər gərgin olurlar. Gənc serb hakim də ikinci hissədə “oyunun ipini əlində saxlamağı” bacardı. Kobud oyunu vaxtında cəzalandırdığından ehtirasların qızışmasına şərait yaratmadı. Həmçinin köməkçilər də oyundankənar vəziyyətləru düzgün qeydə aldı.Aris - Araz-Naxçıvan, DEVİD DİKİNSONŞotlandiyadan olan hakimlər özləri də oyunun çətin keçəcəyini, yəqin ki, təxmin etmişdilər. Belə də oldu. Artıq 3-cü dəqiqədə Dikinsonun 3 sarı vərəqə göstərməsi oyunda qırmızı vərəqə olacağı ehtimalını xeyli artırdı. Konfrans Liqasının bu mərhələsində VAR sisteminin tətbiq olunmaması da "Araz"ın işinə yaradı desək, yəqin ki, yanılmarıq. 7-ci dəqiqədə topsuz sahədə Patrik Andradenin rəqibin ayağının qorunmayan hissəsinə çıxması ciddi qayda pozuntusu idi və bu qırmızı vərəqəylə cəzalandırılır. Bunu baş hakim görmədisə, yaxınlıqda olan ehtiyat hakim görə bilərdi. Lakin epizod onun da gözündən yayındı. Nəticədə nəinki qırmızı, heç sarı vərəqə də göstərilmədi. Beləcə bəxti üzünə gülən "Araz" 4 dəqiqə sonra hesabı açdı. 36-cı dəqiqədə yunanların qapısına verilən penalti haqlı qərar idi. 52-ci dəqiqədə İqor Ribeyro “sonuncu ümid folu”na görə meydandan qovuldu və komandanı azlıqda qoydu. Oyunda diqqəti çəkən məqam yunan futbolçuların rəqibə hədsiz hörmətsizlik göstərməsi idi. Bu hal bir neçə dəfə təkrarlandı. Onlar FİFA-nın "feyr-pley" prinsipinə yumşaq desək, arxa çevirdilər. İki komandaya ümumilikdə 13 sarı və 1 qırmızı vərəqə göstərilməsi oyunun kobud məcrada keçməsindən xəbər verir. Yunanlar oyundan sonra da məğlubiyyətlə barışmadılar. İlk qolun müəllifi Fabiano oyundan sonra passivinə hər iki rəngdə vərəqə yazdırdı. Düşünürəm ki, Patrik Andradeyə görə tətbiq edilməyən inzibati sanksiyaya görə onların etiraz etməyə haqları olsa da, meydanda özlərini qeyri-etik və centlmenlikdən uzaq aparmaları yaxşı hal deyil. Belə davranışı yunan azarkeşlərdən görmüşdük, bu dəfə isə estafet futbolçulara keçdi. Devid Dikkinsona gəlincə, çox güman, bir müddət avrokuboklarda onu görməyəcəyik...Hayduk - Zirə, LUKA PAYRETTOAÇ-96-nın finalını idarə etmiş məşhur italiyalı Pyerluici Payrettonun oğlu Luka "Hayduk" - "Zirə" matçında söz sahibi idi. Ümumilikdə oyunun öhdəsindən gəlsə də, bir epizodda qətiyyətsizliyi diqqəti çəkdi. Belə ki, 68-ci dəqiqədə hücumda olan Cibrilanın əlinə topun dəydiyini iddia edən və Lukaya tərəf cumaraq aqressiv etiraz bildirən rəqib futbolçuya mübaliğəsiz sarı vərəqə göstərilməliydi. Lakin Xorvatiyaya qonşu, bu ölkə kimi sahilini Adriatik dənizinin yuduğu İtaliyadan olan hakim nədənsə bunu etmədi. Halbuki oyunçu bunu nümayişkaranə və aqressivcəsinə etmişdi. Qalan epizodlarda nəzərəçarpan səhvlər olmadı. Göstərilən vərəqələr də yerində idi.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
icma.az

2Mənbələr