AZ

Londonda qarajdan tapılan “Sultan”: Salvador Dali dünyanı bir daha təəccübləndirdi...

Kembricdə hərracda 150 funt sterlinqə satılan əsər 30 min funt dəyərində çıxdı...

Kembricdə keçirilən hərracda bir sərfəli satış zamanı cəmi 150 funt sterlinqə alınan unudulmuş akvarel tablo əslində Salvador Daliyə məxsus orijinal əsər olub. “Vecchio Sultano” (“Qoca sultan”, 1966) adlı bu iş hazırda Cheffins auksionunda satışa çıxarılıb və onun 30 min funt sterlinqə (təxminən 34 700 avro) qədər dəyər qazandıracağı gözlənilir.

Poliqon xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb.

Əsərdə bəzəkli daşlarla işlənmiş dəbdəbəli türban taxmış əzəmətli sultan təsvir olunub. Kompozisiya “Min bir gecə” nağıllarının şərq estetikasından ilhamlanaraq yaradılıb. 15x11 düym ölçüsündə olan bu akvarel fırçayla və flomasterlə çəkilib, Daliyə xas əriyən saatlar və sürrealist səhralardan uzaq üslubdadır. Lakin orijinallığı beynəlxalq ekspert Nikola Deşarn tərəfindən təsdiqlənib.

Məlum olub ki, bu əsərin tarixi 1963-cü ildən başlayır. O zaman italyan mesenatları Cüzeppe və Mara Albareto Daliyə Müqəddəs Kitab üçün illüstrasiyalar çəkməyi sifariş etmişdi. Lakin Dali fərqli istiqamət seçdi: məğrib mədəniyyətinə valeh olan və özünün də bu kökdən gəldiyinə inanan rəssam ərəb nağıllarından ilham aldı. Nəticədə “Min bir gecə” motivləri əsasında 500 illüstrasiya planlaşdırsa da, cəmi 100-ə yaxınını tamamlaya bildi.

Bu əsərlərin yarısı Rizzoli nəşriyyatına təqdim edildi, lakin sonradan itdi və ya zədələndi. Və illər sonra – 2023-cü ildə – onlardan biri, “Qoca sultan” gözlənilmədən yenidən üzə çıxdı: Kembricli bir antikvar onu adi əşyalar arasında satışda tapdı. Bəzən nağıllar geriyə qayıdır — xüsusilə də bu nağıllar Daliyə məxsusdursa.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr