AZ

"Sea Breeze Uzbekistan"üçün 570 hektar yer ayrıldı

BAKI, 4 avqust. TELEQRAF

Özbəkistan Nazirlər Kabineti "Sea Breeze Uzbekistan" kurort kompleksinin inşası ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan qərar qəbul edib.

Teleqraf xəbər verir ki, rəsmi sənəddə layihənin ümumi dəyəri 5 milyard ABŞ dolları həcmində göstərilib.

Layihənin icrası "Agalarov Development" şirkətinə həvalə olunub. Kurortun tikintisi üçün 570 hektardan çox torpaq sahəsi ayrılıb. Müvafiq razılaşmaya əsasən, şirkət sözügedən ərazini 25 il müddətinə icarəyə götürəcək.

Torpaq icarəsi üzrə tətbiq edilən güzəştli şərtlərlə, şirkət beş il ərzində 17 milyard som (təxminən 1,34 milyon ABŞ dolları) məbləğində ödəniş həyata keçirəcək. Güzəşt tətbiq edilmədiyi halda isə bu məbləğ 1,7 trilyon som təşkil edəcəkdi.

Qərara əsasən, investor layihənin master-planına uyğun şəkildə və qüvvədə olan qanunvericiliyə əsaslanaraq, torpağı subicarəyə vermək hüququna malik olacaq. Subicarəçilər və icarədarlar infrastruktur haqqı (rüsum) ödəməyə borcludurlar.

Layihənin icrası zamanı ekoloji tələblərə ciddi şəkildə riayət olunması zəruridir. Belə ki, tullantı sularının Çarvaq və Çirçik su hövzələrinə axıdılması qəti şəkildə qadağandır. Bütün çirkab suları yalnız Çirçik çayındakı təmizləyici qurğulara yönləndirilməlidir. Bu şərtlərin pozulması layihənin dayandırılmasına və icarə müqaviləsinin ləğvinə səbəb ola bilər.

Bütün mühəndis və ekoloji layihələr Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi, həmçinin Baş Prokurorluq tərəfindən təsdiqlənməlidir.

Seçilən
54
teleqraf.com

1Mənbələr