AZ

Bakıda sinaqoqa hücuma cəhd işi - Şahid ifadə verdi

Terror aktına hazırlıqda ittiham olunan Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində təqsirləndirilən şəxsin anası Sevil Əliyeva ifadə verib. Deyib ki, oğlu 9 dəfə əməliyyat olunub. Oğlunun sinaqoqa hücum etmək üçün fiziki gücü və texniki imkanı olmayıb.

Daha sonra şahid M.A ifadə verərək bildirib ki, 2024-cü ilin noyabr ayında sosial şəbəkədə Abdulla Əliyevin paylaşımını görüb və onunla yazışmağa başlayıb. Onun sözlərinə görə, bir müddət sonra Abdulla ona İŞİD terror təşkilatı ilə bağlı məlumatlar verib və həmin təşkilatda tanışı olduğunu deyib. Ardınca onu müxtəlif qruplara dəvət edib, sonradan isə gizli qrup linki göndərərək üzv olmağını istəyib.

M.A bildirib ki, təqsirləndirilən şəxs ona sinaqoqa hücum planından bəhs edərək müxtəlif alət və vasitələrin – balta, bıçaq, “Molotov kokteyli” və əlcəyin əldə olunmasını istəyib. O, bu məlumatları dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə çatdırdığını, DTX əməkdaşlarının nəzarəti ilə təqsirləndirilən şəxsə həmin əşyaların şəkillərini göndərdiyini qeyd edib.

Şahid ifadə verib ki, Abdulla ona hücumdan sonra Alov qüllələri və digər obyektlərin də partladılacağını bildirib, onun ölümündən sonra planı davam etdirməyi tapşırıb. Abdulla onunla görüş üçün konkret yer və vaxt da təyin edib. Göstərilən ünvanda, yəni sinaqoqun yaxınlığında görüş zamanı DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış zamanı avtomobildə və Abdulla Əliyevin üzərində yanar maddələr və digər əşyalar aşkarlanaraq götürülüb.

Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, Abdulla Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrorçuluq — qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 28, 214.2.3-cü (terrorçuluq — odlu silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 28, 214.2.6-cı (terrorçuluq — dini radikalizm və fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlik və ya mütəşəkkil dəstənin tərkibində törədildikdə) maddələri ilə təqsirləndirilir.

İstintaq materiallarına əsasən, Abdulla Əliyev 18 yaşında, Sumqayıt şəhərində yaşayarkən, “İŞİD-Xorasan” terror təşkilatına bağlı qrupun təsiri altına düşərək “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı hazırlayıb. 2023-cü il dekabrın 28-də avtomobillə məbədə yaxınlaşaraq “Molotov kokteyli” və digər silah qismində istifadə olunan vasitələrlə hücuma keçmək niyyətində olub. Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində o, hadisə yerində saxlanılıb. Axtarış zamanı üzərində və avtomobildə silah və yandırıcı maddələr aşkarlanaraq götürülüb.

Seçilən
19
2
paralel.az

3Mənbələr