AZ

Suriya və İsrail nazirləri Bakıda heç bir razılığa gələ bilmədilər...


Xaqani Cəfərli: "Suriya prezidentinin atası deyib ki, normallaşma bizim üçün intihardır - “Colan da bizimdir, Fələstin də..."

Bakıda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirildi.

Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub. O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib. Diplomatik mənbə AFP-yə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.

Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb. Görüşün nəticələrinə dair mediaya heç bir məlumat verilmədi. Bakıda Suriya və İsrail arasında hansı razılaşma əldə edildiyi ehtimal oluna bilər?

"Suriya Yaxın Şərqdə geosiyasi düzəni müəyyən edən ölkədir. Suriyanın güclü olması İsrail üçün təhlükə deməkdir. İsrailin mövcudluq tarixi bunun sübutudur. Ona görə də, İsrail Suriyanın güclənməsini istəmir. Xüsusilə də hakimiyyəti ələ keçirmiş radikal sünni islamçıları İsrail özü üçün potensial təhlükə hesab edir”.

Bunu baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

Siyasi ekspert vurğulayir ki, Suriyanın müvəqqəti dövlət başçısı Əhməd əş-Şaraanın atası Hüseyn əş-Şaraa Suriyanın İsraillə münasibətlərinin normalaşması təşəbbüsünün qəti əleyhinə olduğunu bəyan edib: "Suriya prezidentinin atası deyib ki, normallaşma bizim üçün intihardır - Colan da bizimdir, Fələstin də. Bu onu göstərir ki, Suriyanın İsraillə münasibətləri normallaşdırması mümkün deyil. Müvəqqəti dövlət başçısı Əhməd əş-Şaraa cəsarət edib belə bir addım atsa, onu həyata keçirmək mümkün deyil. Yaxın Şərqdə xalqlar dinc yanaşı yaşamaq qabliyyətinə malik deyil. Suriyada ələvi, druzlar, kürdlər və xristianlarla son 6 ayda yaşananlar göstərir ki, Suriyanın normal bir dövlətə çevrilməsi mümkün deyil. İqtidara gələn qüvvənin siyasi və dini baxışları ilə dini və etnik azlıqların mövqeləri 180 dərəcə ziddiyət təşkil edir.

İsrail də Suriyada gedən prosesləri diqqətlə izləyir və onun mövcudluğunu təhdid edə biləcək istənilən təhlükəni beşiyində boğacağını nümayiş etdirir. İsrail-Suriya münasibətlərinin tarxixinə baxdıqda yəhudi dövlətinin ehtiyatlılığı anlaşılandır. Unutmaq olmaz ki, İsrailin təhlükəsizlik strategiyasına görə, yəhudi dövlətinə ən böyük təhlükə radikal sünni dövlətlərindən gələ bilər. Ona görə də İsrail radikal islamçıların hakimiyyəti ələ keçirdikləri Suriyanın güclənməsinə heç bir zaman imkan verməyəcək.

Suriyanın gələcəyi Yaxın Şərqin gələcəyini müəyyən edəcək əsas amillərdən biri olduğu üçün İsrail gələcəkdə ona təhlükə ola biləcək hər hansısa təhlükənin güclənməsinə imkan verməyəcək".

Akif NƏSİRLİ

Seçilən
27
baki-xeber.com

1Mənbələr