Avrokuboklarda 3-cü təsnifat mərhələsi start götürüb.
Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Şimali Makedoniyada "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal isə 1.875-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.000-a bərabərdir. Qitə sıralamasına tsiklə 29-cu yerdə başlayan, ötən həftə bir pillə irəliləyərək 28-ə yüksələn Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Azərbaycanın ən yaxın izləyicisi Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.