AZ

Cənubi Koreya və ABŞ hərbi təlimlərə başlayır

Ajans.az Euronews-a istinadən xəbər veir ki,avqustun 18-də start veriləcək və 10 gün davam edəcək “Ulchi Freedom Shield” təlimləri Pxenyanın kəskin reaksiyasına səbəb ola bilər. Şimali Koreya bu cür manevrləri “işğal məşqləri” adlandıraraq onları tez-tez nüvə və raket sınaqları üçün bəhanə kimi istifadə edir. Təlimlər minlərlə hərbçinin iştirakı ilə həm kompüter simulyasiyası əsasında komanda-qərargah hazırlığını, həm də birləşmiş səhra əməliyyatlarını əhatə edəcək. ABŞ və Cənubi Koreya bu ilin əvvəlində də birgə təlim keçirmişdi. ABŞ Silahlı Qüvvələrinin Koreyadakı sözçüsü Li Sun-Junun sözlərinə görə, builki təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisi iştirak edəcək. ABŞ Silahlı Qüvvələrinin Koreya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Rayan Donald da bildirib ki, təlimlərin miqyası əvvəlki illərlə eynidir və onların azaldılması barədə iddialar əsassızdır. Təlimlərin bir hissəsi, o cümlədən planlaşdırılmış 40 manevrdən təxminən yarısı əlverişsiz hava şəraitinə görə sentyabr ayına təxirə salınıb. Builki təlimlərin əsas diqqət mərkəzində Şimali Koreyanın inkişaf edən nüvə və raket proqramı dayanır. Bundan əlavə, proqram çərçivəsində Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu və İsrail-İran arasında gərginlik kimi son qlobal münaqişələrdən çıxarılan dərslər də nəzərə alınacaq. Məqsəd mümkün təhlükələrə vaxtında və effektiv cavab verilməsi üçün hazırlığın artırılmasıdır. Qeyd edək ki, Pxenyan ABŞ və Cənubi Koreya ilə 2019-cu ildə dalana dirənmiş diplomatik danışıqları bərpa etmək çağırışlarını dəfələrlə rədd edib. Bunun əvəzində Şimali Koreya Moskva ilə münasibətləri gücləndirərək, Rusiya-Ukrayna müharibəsində Kremlə hərbi dəstək göstərməkdə ittiham olunur.

 

Seçilən
17
Ajans.az

1Mənbələr