AZ

Sülhdən inkişafadək uzanan strateji yolun əsasıqoyulacaq - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər. Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi. 
İnkarolunmaz bir həqiqətdir ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi tarixə düşməkdədir. Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan "5 əsas prinsip" regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa çox yaxındır. ABŞ səfəri çərçivəsində keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunə olacaq. 
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Ümid edirik ki, bu səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı olacaq - sülhdən inkişafadək uzanan strateji yolun əsasını qoyacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
93
50
olaylar.az

10Mənbələr