AZ

Uşaqları xəstəlikdən qoruyur, zəkalı, zehnli, güvənli, güclü edir - ANA SÜDÜNÜN FAYDALARI

BAKI, 7 avqust. TELEQRAF

1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsidir. Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il bu tarix Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Bu tarixin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.

Bəs ana südü nə üçün vacibdir? Ana südü ilə qidalanan uşaqlar digərlərindən nə ilə fərqlənir? Hansı hallarda ana südü verilməli deyil?

Mövzu ilə bağlı Respublika Pediatriya Mərkəzində həkim-mütəxəssis Nazlı Əhmədova Teleqraf-a açıqlamasında bildirib ki, ana südü təbiətin körpəyə bəxş etdiyi ilk və ən mükəmməl qidadır.

Onun sözlərinə görə, ana südünün tərkibi körpənin ehtiyaclarına uyğun olaraq daim dəyişir və inkişafına dəstək olur.

Ana südünün faydaları

N.Əhmədova onun başlıca faydalarından danışıb:

“Ana südü immunoqlobulinlər, laktoferrin, lizozim və digər qoruyucu maddələrlə zəngindir, bunlar körpəni infeksiyalardan qoruyur.

Ana südü körpənin hələ tam formalaşmamış həzm sistemi üçün ideal və asanlıqla sorulan bir qidadır. Tərkibindəki DHA və ARA kimi yağ turşuları beyin və görmə qabiliyyətinin inkişafında mühüm rol oynayır. Ananın sağlamlığı üçün də faydalıdır. Süd vermək ana orqanizmində uşaqlıq yığılmasını sürətləndirir, doğuş sonrası qanaxmanı azaldır və ana ilə körpə arasında emosional bağ qurur. Ana südü yalnız qida deyil, o, bir şəfqət, qoruma və həyatın ilk illərindəki ən böyük dayaqdır.

Hər bir ana süd verməyi bacaracaq deyə düşünmək doğru deyil, amma hər bir körpənin sevgi və diqqətlə böyüməyə haqqı var. Elə bu səbəbdən, istər ana südü ilə, istərsə də onun alternativi ilə qidalanma zamanı elmi əsaslı yanaşma və həkim tövsiyəsi ön planda olmalıdır”.

N.Əhmədova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və UNICEF-in tövsiyəsinə əsasən, doğumdan sonra ilk 6 ay ərzində yalnız ana südü verilməli olduğunu deyib:

“Əlavə suya, çaya və ya başqa qidaya ehtiyac yoxdur. 6 aydan sonra isə tamamlayıcı qidalarla birlikdə ən azı 2 yaşına qədər ana südü verilməyə davam edilməlidir. Bu dövr ərzində ana südü həm enerji, həm immun qoruma baxımından böyük rol oynayır”.

Ana südü ilə qidalanan uşaqların fərqi

N.Əhmədovanın sözlərinə görə, ana südü ilə qidalanan uşaqlar daha az xəstələnir, xüsusilə, tənəffüs yolu və mədə-bağırsaq infeksiyalarına qarşı daha dayanıqlı olurlar:

“Zəka göstəriciləri daha yüksək ola bilər, bu, bir çox elmi tədqiqatla sübut olunub. Allergik reaksiyalar və piylənmə riski daha azdır, çünki ana südü körpənin bədəninə uyğun tərkibdədir. Emosional baxımdan daha güvənli böyüyürlər, südvermə ana ilə körpə arasında isti və sabit emosional bağ yaradır. Hər baxımdan daha qüvvətli, güclü əqli, zehni və fiziki gücə sahib olurlar”.

Ana südü verilməsi nə zaman dayandırılır?

Pediatr bildirib ki, bəzi istisna hallarda ana südü verilməsi məhdudlaşdırıla və ya tamamilə dayandırıla bilər.

“Ananın bəzi yoluxucu xəstəlikləri olduqda (məsələn, HIV, aktiv vərəm və ya HTLV-1/2), həmçinin ana müəyyən dərmanlar - sitotoksik, radioaktiv və ya psixotrop maddələr ehtiva edən dərmanlar qəbul edirsə, ana südü verilmir. Ana ciddi psixiatrik vəziyyətdədirsə və südvermə təhlükə yaradırsa, bu halda verilmir. Həmçinin körpədə qalaktozemiya kimi nadir metabolik xəstəlik varsa, ana südü verilmir, çünki bu zaman körpə süd şəkərini həzm edə bilmir. Ancaq həkim nəzarəti və həkim göstərişi ilə körpə ana südündən məhrum edilə bilər”.

Ana südü verə bilməyənlər nə etməlidir?

O əlavə edib ki, əgər ana südü vermək mümkün deyilsə, körpənin ehtiyacları diqqətlə təmin olunmalıdır.

“Təhlükəsiz və uyğun qida alternativi, yaşına uyğunlaşdırılmış tərkibdə qadın südünə oxşar formulalar (süni süd) istifadə olunmalıdır. Sterilizasiya qaydalarına nəzarət edilməli, butulka, əmzik və qidalandırma vasitələri mütləq təmiz olmalıdır. Qidalanma ritmi və miqdarı pediatr nəzarətində tənzimlənməlidir. Sevgi və yaxınlıq süd verilməsə belə, ana-körpə arasında dəri təması və emosional bağ davam etdirilməlidir. Ailənin maddi büdcəsinə uyğun olmalıdır və hər zaman asan əldə edə biləcəyi qidalar olmalıdır, onları maddi yükə salmamalıdır”, - N.Əhmədova vurğulayıb.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, uşaqların düzgün inkişaf etməsi, sağlam olması üçün ana südü ilə qidalanması ən vacib şərtlərdəndir.

Onun sözlərinə görə, bu, uşaq üçün ən təbii lazım olan qidadır:

“İlk növbədə ana südü ilə qidalanan uşaqlarda immun sistemi güclü olduğundan körpələr infeksiyaya, hər hansı xəstəliyə qarşı daha davamlı olurlar. Həzm prosesi düzgün inkişaf edir. Qəbul etdikləri qida asanlıqla həzm olunduğundan körpə vaxtlarından qaz, köp və qəbzlikdən əziyyət çəkmə halları müşahidə olunmur. Ana südü ilə qidalanan uşaqlar allergiyaya meylli olmurlar, allergiya riski çox az olur. Qatı qidaya keçdikdə isə allergiya faizi də çox aşağı olur. Bir çox hallarda süni qidalarla qidalanan uşaqlar daha çəkili olurlar. Ana südü ilə qidalanan uşaqlarda artıq piylənmə olmur, normal çəkili və ya aşağı çəkili olurlar. Əgər sağlamlıq problemləri yoxdursa, bu normal hesab olunur. Həmin uşaqlar zehni cəhətdən daha tez inkişaf edir, daha tez danışır, gəzir. Hər ayına və yaşına görə inkişafı normal gedir. Ana ilə təmasda olduğundan psixi cəhətdən sağlamlığı da yerində olur. Bu da stressdən uzaq olmasına gətirib çıxarır. Ana südü ilə qidalanmayan uşaqlarda isə bu proseslər daha zəif olur”.

Ana südü ilə qidalandırmanın anaya faydası

O bildirib ki, ana südü ilə qidalandırmanın ana üçün də bir çox faydaları var.

“Ana südü ilə qidalandırdıqda ananın öz normal çəkisini bərpa etməsi daha tez baş verir, süd vəzi və yumurtalıq xərçəngindən uzaq olur. Lakin müəyyən xəstəlikləri olan, məsələn, ciddi qan azlığı, ürək xəstəliyi olan, zərərli vərdişlərə aludəçiliyi olan və ağır dərmanlar qəbul edən şəxslərin ana südü ilə qidalandırması qətiyyən olmaz. Ana südü ilə qidalandıra bilməyən analar peşəkar həkimlərin köməyi ilə süni qidalarla qidalandırmalıdırlar. Bu halda da emosional bağı gücləndirmək üçün mütləq dəridən dəriyə təmas olmalıdır, qucaqda saxlamaqla, uzun müddət vaxt keçirməklə bunu etmək olar. Bunları etmədikdə uşaqla emosional bağ zəif olur və həmin uşaqlar gələcəkdə daha aqressiv, stressli, gərgin olurlar. Bir orqanizmin sağlamlığı ilə yanaşı, mənəvi cəhətdən ruh sağlamlığı da önəmlidir”, - M.Hüseynova əlavə edib.

Pediatr Aytən İsmayılzadənin sözlərinə görə isə, ana südü Allah tərəfindən insan üçün hesablanıb və buna görə çox optimal, düzgün tərkibdədir.

O bildirib ki, uşağın 6 ayına qədər əsas qidasını - 100%-i ana südü təşkil etməlidir.

“6 aydan sonra isə qidanın 60-70%-ni ana südü, 30-40%-ni isə digər qidalar təşkil edə bilər. Ən azından 1 yaşa qədər, ən yaxşı halda 2 yaşa qədər ana südü verilməlidir”, - pediatr əlavə edib.

Pediatr QİÇS infeksiyası zamanı ağız yolu ilə infeksiya keçə bildiyi üçün körpəyə ana südünün verilməməli olduğunu deyib:

“QİÇS-dən başqa digər infeksion xəstəliklərdə ana südü verilə bilər. Anada vərəm, onkoloji və ürək xəstəlikləri varsa, ananın faydası üçün ana südü verilmir. Ananın qəbul etdiyi vərəm dərmanlarına görə də südvermə kəsilir. Digər hallarda ana südü verilir. Yüksək temperatur, ananın qrip olması hallarında da ana südü verilməsi davam etdirilir”.

O, ana südü verə bilməyən qadının donor südünə müraciət edə biləcəyini bildirib.

“Bunun üçün donor bankı lazımdır. Kimsə süd anası da ola bilər. Bunlar mümkün olmadıqda isə süni qarışıqlara müraciət edilə bilər. Həmin qidalar isə hipoallergen olmalıdır ki, uşaqda allergik fon güclənməsin”, - A.İsmayılova əlavə edib.

Seçilən
65
19
teleqraf.com

10Mənbələr