AZ

® Ana südündəki hormon və bioloji faktorların körpənin sağlamlığına təsiri

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin həkim-pediatrı Fərəh Vahabova 1–7 avqust – Dünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində “Həkim məsləhəti” rubrikasında “Ana südü ilə qidalanmanın üstünlükləri” mövzusunda məlumat verib.

Ana südü ilə qidalanan uşaqlar daha sağlam, infeksiyalara qarşı daha dözümlü olur, fiziki, həm də zehni inkişaf baxımından üstünlük qazanırlar. Ana südü təkcə qida deyil. O, ana ilə körpə arasında qurulan sevgi və güvən körpüsüdür. Körpəni qucağa almaq, dərisi ilə təmas qurmaq və onu yalnız ana südü ilə qidalandırmaq — bu, sadə görünən, amma çox böyük təsiri olan addımlar onun sağlam böyüməsinə əvəzsiz töhfə verir.

Ana südü körpənin immunitetini gücləndirən, bədənini xəstəliklərdən qoruyan, hətta gələcəkdə piylənmə və şəkərli diabet kimi problemlərin yaranma riskini azaldan mənbədir. Ona görə də hər bir ana imkan daxilində körpəsini ana südü ilə bəsləməyə çalışmalıdır, çünki bu, övlada verilən ən gözəl başlanğıcdır.

Dəri təması, erkən və müstəsna ana südü ilə qidalanma körpənin sağlam böyüməsinə və inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Ana südü körpə üçün bioloji baxımdan ideal və balanslaşdırılmış tərkibə malikdir, hormonlar, boy faktorları və bioloji aktiv maddələrlə zəngindir. Həmin komponentlər uşaqda metabolizmin tənzimlənməsi və orqanizmin müdafiə mexanizmlərinin güclənməsi üçün böyük əhəmiyyətə malikdir.

Ana südü, eyni zamanda, ananın sağlamlığı üçün vacibdir. Onun tərkibindəki amilaza, lipaza, fosfataza, proteaza və daşıyıcı zülallar kimi fermentlər körpənin həzm sisteminə uyğun şəkildə formalaşdığı üçün asanlıqla mənimsənilir. Ana südündəki immunoqlobulinlər körpənin immun sistemini gücləndirir, bağırsaq selikli qişasında yerləşərək yerli immuniteti təmin edir. Ana südündə təbii şəkildə mövcud olan hormonlar, xüsusilə leptin, qrelin, insulin və adiponektin körpənin aclıq və toxluq hissini tənzimləyir, sağlam iştah formalaşmasına kömək edir. Həmin hormonlar uşaqda maddələr mübadiləsinin düzgün qurulmasında, enerji balansının qorunmasında və gələcəkdə piylənmə riskinin azalmasında vacib rol oynayır. Boy faktorları isə hüceyrə bölünməsi və toxuma inkişafını stimullaşdıraraq körpənin sağlam böyüməsini təmin edir. Ona görə də ana südü yalnız qida deyil, eyni zamanda, körpənin bioloji ritmlərini və inkişaf mexanizmlərini tənzimləyən canlı bir sistemdir.

Xüsusilə vaxtından əvvəl doğulan uşaqlar üçün ana südünün böyük faydası var: çəki artımı daha yaxşı gedir, infeksion və iltihabi xəstəliklər daha az müşahidə olunur.

Ana südü ilə qidalanma körpəni infeksiyalardan qoruyur, immuniteti gücləndirir, xroniki xəstəliklərin yaranma riskini azaldır, diabet, piylənmə, hipertoniya və aterosklerozun inkişaf ehtimalını azaldır, allergik reaksiyaların qarşısını alır, ani uşaq ölümü sindromunun riskini azaldır, beynin və idrak qabiliyyətlərinin inkişafına kömək edir, endorfin ifrazını artıraraq körpəni sakitləşdirir, ana ilə körpə arasında güclü emosional bağ yaradır, həmçinin doğuşdan sonra qanaxmaların və anemiyanın qarşısını alır, ananın əvvəlki bədən çəkisini bərpa etməsinə kömək edir, süd vəzisi, yumurtalıq xərçəngi və osteoporoz riskini azaldır, qulaq infeksiyası, ishal, pnevmoniya kimi xəstəliklərə qarşı qoruyucu rolunu oynayır.

Ən azı ilk 6 ay yalnız ana südü ilə qidalanma, həm uşağın, həm də ananın uzunmüddətli sağlamlığı üçün ən yaxşı investisiyadır.

 

 

Seçilən
6
16
azertag.az

10Mənbələr