AZ

Bu birliyin aktiv statusu ləğv edildi

Azərbaycan Ticarət və Sənaye Palatası nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyi özünün Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən rəsmi internet portalında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsinə daxil edilməsindən narazıdır.

“Azərekspertiza”dan Axar.az-a bildirilib ki, birlik uzun illərdir qiymətləndirmə sahəsində peşəkar fəaliyyət göstərir və burada çalışan əməkdaşların bir çoxu 10 ildən artıq təcrübəyə malikdir.

“Azərekspertiza” hesab edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən, AQP-nin qiymətləndirici təşkilatlara qarşı fəaliyyətə xitam verilməsi və ya digər sanksiyaların tətbiqi səlahiyyəti yoxdur: “Palatanın bu addımı hüquqi çərçivələri aşmaqla yanaşı, ümumi ictimai inama və iqtisadi münasibətlərə də mənfi təsir göstərir. Qiymətləndiricilər Palatası kimi institutların funksiyası tənzimləyici və dəstəkləyici olmaqdır. Mövcud vəziyyətlə bağlı hüquqlarımızı qorumaq məqsədilə qanunvericiliyin verdiyi bütün imkanlardan, o cümlədən məhkəmə müstəvisindən istifadə ediləcək”.

Bu mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından “Report”a bildirib ki, “Azərekspertiza” Birliyi hazırda Palatanın rəsmi elektron reyestrində “fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd olunmasının səbəbi Birliyin sənədlərində hüquqi uyğunsuzluqların mövcudluğudur.

Palata qeyd edib ki, yeni elektron reyestr sisteminin qurulması prosesində bütün üzv təşkilatlardan təsis sənədləri, çıxarış və nizamnamələrinin təqdim olunması tələb edilib. Bu proses zamanı “Azərekspertiza” Birliyinin nizamnaməsinin hələ də kiril qrafikası ilə olduğu müəyyən edilib. Halbuki, qanunvericiliyə əsasən, rəsmi sənədlər yalnız latın qrafikalı Azərbaycan əlifbasında hazırlanmalıdır.

Qiymətləndiricilər Palatası qeyd edib ki, 17 iyun 2025-ci il tarixində Birliyə göndərilən rəsmi məktubda üç məsələ ilə bağlı hüquqi uyğunsuzluqların aradan qaldırılması istənilib: "Birincisi, Birliyin təşkilati-hüquqi formasının kommersiya hüquqi şəxs statusuna uyğunlaşdırılması; ikincisi, nizamnamənin latın qrafikası ilə yenilənərək müvafiq icra orqanı tərəfindən təsdiqlənərək təqdim olunması; üçüncüsü, qiymətləndirmə fəaliyyətinin əsas fəaliyyət sahəsi kimi təsbit olunması. Buna cavab olaraq, iyulun 15-də birlik yalnız köhnə nizamnamənin notarial tərcüməsini təqdim etmiş, lakin hüquqi dəyişikliklər edilməmişdir”.

AQP vurğulayıb ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü və 1.1.3-cü maddələrinə əsasən, qiymətləndirici təşkilat dedikdə əsas fəaliyyəti qiymətləndirmə olan və kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçmiş təşkilat başa düşülür. “Azərekspertiza” Birliyinin çoxprofilli fəaliyyəti bu tələblərə uyğun gəlmir.

"Ümumiyyətlə, “Azərbaycan Ticarət və Sənaye Palatası” adlanan qurumun fəaliyyət istiqaməti və hüquqi statusu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinə və İqtisadiyyat Nazirliyinin Vergilər strukturuna rəsmi məktubla müraciət edilib. Palatanın hüquqi şəxsin ləğv edilməsi və ya fəaliyyətinə rəsmi xitam verilməsi səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnız müvafiq məhkəmə və dövlət orqanlarına aiddir. Lakin daxili prosedurlar və Etik Davranış Kodeksi çərçivəsində üzv təşkilatların reyestrdə aktiv və ya passiv statusla qeydiyyata alınması hüququna malikdir. AQP-nin Rəyasət Heyətinin qərarı ilə “Azərekspertiza” Birliyi üç ay müddətinə Palatanın reyestrindən müvəqqəti olaraq uzaqlaşdırılıb və bu müddət ərzində sənədlərinin qanunvericiliyə uyğun şəkildə qaydaya salınmasından sonra fəaliyyətinin bərpası mümkün olacaqdır. Onun tərkibində olan fərdi qiymətləndiricilər isə reyestrdən çıxarılmayıb, onlar fəaliyyətlərini davam etdirirlər. Qiymətləndiricilər Palatasının bu qərarı hüquqi əsaslara söykənir və yalnız qiymətləndirmə sahəsində qanunvericiliyə uyğunluğun təmin olunmasına xidmət edir”, - deyə AQP-nin açıqlamasında qeyd edilib.

Seçilən
15
9
axar.az

10Mənbələr