AZ

DİM: 900-dən çox namizədin rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcəyi gözlənilir

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanın II mərhələsində iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahana buraxılış vərəqəsini buradan çap etmək olar.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Bu mərhələdə iştirak edəcək 905 nəfərdən 674 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 231 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Seçilən
15
28
azertag.az

10Mənbələr