“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın davam edəcəyini proqnozlaşdırır.
Bu barədə “Report”a “Moody's Ratings”in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.
O xatırladıb ki, 2014-cü ildən bəri ölkədə bankların sayı 45-dən 22-yə düşüb və bu, həm bazar, həm də tənzimləyici amillərin yaratdığı konsolidasiya prosesinin davam etdiyini göstərir.
“Nəticədə sektorda təmərküzləşmə yüksək olaraq qalır: beş ən böyük bankın payına bütün bank aktivlərinin yarıdan çoxu düşür. Qalan hissə isə yüksək fraqmentasiya şəraitində bir-biri ilə rəqabət aparan 17 bank arasında bölüşdürülüb”, - L.Dorf qeyd edib.
Onun sözlərinə görə, tarixən aparıcı banklar iri korporativ müştərilərlə işləməkdə, daha geniş likvidlik və resurslara çıxış sayəsində üstünlüyə malik olub, kiçik banklar isə likvidliyə çıxış imkanları məhdud olub və daha bahalı maliyyələşdirmə mənbələri uğrunda rəqabət aparıblar.
“Keçən ildən bəri tənzimləyici bazarı tarazlaşdırmağa, təmərküzləşmə səviyyəsini azaltmağa və resurs bazasının yenidən bölüşdürülməsinə çalışır. Bu məqsədlə passivlərin təmərküzləşməsini məhdudlaşdırmaq üçün əlavə tələblər irəli sürülüb. Bununla belə, tənzimləmənin gücləndirilməsi, artan rəqabət, həmçinin rəqəmsallaşma və texnologiyaya investisiya ehtiyacı kimi amillər konsolidasiyanın davam etməsinə kömək edə bilər, xüsusilə də dəyişən mühitə uyğunlaşmaqda çətinlik çəkən kiçik banklar arasında”, - L.Dorf vurğulayıb.
O, həmçinin son 2-3 ildə makroiqtisadi vəziyyətin və əməliyyat mühitinin yaxşılaşmasının Azərbaycan banklarının kredit reytinqlərinə müsbət təsir göstərdiyini bildirib.